MƏDƏNİYYƏT
Azərbaycan Fransada keçirilən Beynəlxalq foto-kulinariya festivalında təmsil olunmuşdur
Strasburq, 1 oktyabr (AZƏRTAC). Fransanın Oloron şəhərində Beynəlxalq foto-kulinariya festivalı keçirilmişdir.
Müsabiqənin şərtlərinə görə festivalda fotoqraf və aşpazlardan ibarət cütlüklər birinci yer uğrunda mübarizə aparmışlar.
Parisdə fəaliyyət göstərən “Azərbaycan evi”nin təşəbbüsü ilə ölkəmiz belə mötəbər tədbirdə ilk dəfə təmsil olunmuşdur.
Layihə rəhbərləri Mirvari Fətəliyeva və Jalə Babayeva tədbirlə bağlı AZƏRTAC-a bildirmişlər ki, Piriney dağlarının ətəklərində yerləşən Oloron şəhərində Yaponiya, Belçika, İngiltərə, Fransa və digər ölkələrin peşəkarları mükafata layiq yerlər uğrunda mübarizə aparmışlar. Festivalın münsiflər heyəti 100-ə yaxın cütlük arasından 18-ni seçmişdir.
Fransanın tanınmış aşpaz və fotoqraflarından, eyni zamanda, nüfuzlu nəşriyyat evinin rəhbərlərindən ibarət münsiflər heyətinin olması fotoların müxtəlif kriteriyalar əsasında qiymətləndirilməsinə və festivalın mühüm müsabiqə olmasına dəlalət etmişdir.
İki gün davam edən festivalın əsas məqsədi müxtəlif mədəniyyətlərin mübadiləsi ilə yanaşı, yerli məhsulları tanıtmaqdır.
Azərbaycan Fotoqraflar Birliyinin üzvü Etibar Cəfərov və Milli Kulinariya təşkilatının üzvü Ağa Aşurovdan ibarət cütlüyün təqdim etdikləri “Odlar yurdu” adlı fotoda aşpaz tərəfindən zəngin Azərbaycan mətbəxinin nümunələrindən olan plov od və buxarla təsvir edilmişdir. Yanar od ölkəmizin odlar yurdu olmasını, buxar isə Xəzər dənizini əks etdirmişdir.
Müsabiqənin qalibi Yaponiya təmsilçiləri olmuşdur.
İlk beş ölkə arasında yer alan Azərbaycan cütlüyünün təqdimatı münsiflər heyəti tərəfindən maraqla qarşılanmışdır.
“Azərbaycan evi”nin nümayəndələri Oloron şəhərinin meri Bernar Uthurry, festivalın prezidenti Mari Kasabane və münsiflər heyətinin sədri, Fransanın tanınmış aşpazı Paskal Barbot ilə görüşlərdə təmsil etdikləri təşkilatın fəaliyyəti barədə məlumat vermiş, Azərbaycana dair kitablar, iştirakçılara isə mətbəximizin şirniyyat nümunələrini təqdim etmişlər.
Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə həyata keçirilən bu layihə meriya və yerli təşkilatlarla sıx əlaqələr qurmağa imkan yaratmışdır.
Növbəti dəfə 2015-ci ildə keçiriləcək festivalda da Azərbaycanın iştirakı nəzərdə tutulmuşdur.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq