SİYASƏT
Azərbaycan gəncləri “Maşuk” Şimali Qafqaz forumuna dəvət almışlar
Bakı, 23 noyabr (AZƏRTAC). Azərbaycan gənclərinin “Maşuk” Şimali Qafqaz forumunda iştirakı Rusiya gəncləri üçün əhəmiyyətlidir.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində “Yeni nəsil: sərhədsiz məsuliyyət” II Beynəlxalq Gənclər Forumunda iştirak edən Rusiya nümayəndə heyətinin üzvü və “Maşuk” Şimali Qafqaz forumunun nümayəndəsi Alla Lalenko bildirmişdir.
Alla Lalenko demişdir ki, Cənubi və Şimali Qafqaz mentalitetlərinə, prinsiplərinə və ənənələrinə görə oxşar regionlardır, buna görə də biz bir-birimizin ənənələrini və mədəniyyətini dərindən öyrənməliyik. Forumda panellərin mövzuları çox düzgün seçilmişdir. Biz ortaq nəticələrə gəlmək üçün ümumi dəyərlərdən başlamalı və sonra özəlliklərə keçməliyik.
A.Lalenko vurğulamışdır ki, forumda nazirlər, nazir müavinləri, Azərbaycan və Rusiya gənclər təşkilatlarının rəhbərləri iştirak edirlər. Bu isə tədbirin yüksək şəkildə təşkil olunmasından xəbər verir. Rusiya nümayəndə heyətinin başlıca məqsədi forumda yeni münasibətlər qurmaq, yeni dostlar tapmaq, əməkdaşlıq əlaqələri qurmaqdır.