İDMAN
Azərbaycan Gimnastika Federasiyası balacalara yaddaqalan Yeni il şousu təqdim edib
Bakı, 24 dekabr, AZƏRTAC
Azərbaycan Gimnastika Federasiyası ənənəyə sadiq qalaraq, bu il də tamaşaçılara maraqlı və yaddaqalan Yeni il şousu təqdim edib.
AZƏRTAC xəbər verir ki, hər kəsin səbirsizliklə gözlədiyi builki şou “Tarik Gimmaster və dostlarının sehrli sərgüzəştləri” adlanıb.
Milli Gimnastika Arenasında təşkil olunan şoudan əvvəl fiziki imkanları məhdud uşaqların çıxışı olub.
Şounun süjet xəttinin əsasını Tarik və dostlarının sehrbazlıq biliklərinə yiyələnməsi, macəra axtarışında sehrli idman aləminə səyahəti və ən böyük ovsunun elə dostluğun gücü olması təşkil edib. Gimnastika növləri üzrə yığma komandaların üzvlərinin canlandırdıqları hekayədə əsas qəhrəman Tarik Gimmasterin həyatı onun sehr və çevikliyi öyrənmək üçün Sehrli Gimnastika Arenasına qəbul edildiyi andan tamamilə dəyişir. Tarik və arenada tanış olduğu etibarlı dostları Həmidə və Rauf sehrli idman dünyasında inanılmaz və ecazkar macəralar aləminə səyahətə çıxırlar. Onları müxtəlif gimnastika növlərində maraqlı sərgüzəştlər və şən sehrbazlıq dərsləri gözləyir. Sonda onlar anlayırlar ki, idmanda ən qüvvətli sehrbazlığın gücü elə dostluğun gücüdür.
Əsrarəngiz dekorasiyalar, bir-birini əvəz edən xoş musiqi nümunələri və şou iştirakçılarının maraqlı nümayişləri tamaşaçıları Tarik Gimmasterin sehr və ovsun dolu aləminə “səyahətə aparıb”.