İQTİSADİYYAT
Azərbaycan “Golden Hammer” festivalında təmsil olunacaqdır
Riqa, 7 iyun (AZƏRTAC). Bu həftə Riqada 12-ci Beynəlxalq “Golden Hammer” reklam festivalı keçirilir. Dünyada tanınmış mütəxəssislərin daxil olduğu səlahiyyətli münsiflər heyəti sabah festivala təqdim olunmuş müsabiqə işlərini qiymətləndirəcəkdir. Bu il festivalın əsas mükafatı uğrunda 18 dövlətin nümayəndələri mübarizə aparır.
Azərbaycan, Belarus, Çexiya, Estoniya, Finlandiya, Almaniya, Macarıstan, İsrail, Qazaxıstan, Litva, Polşa, Rumıniya, Rusiya, Slovakiya, İspaniya, Ukrayna və digər ölkələrin reklamçıları öz yaradıcılıq ideyalarını müsabiqəyə təqdim etmişlər. Bu işlərin çoxu interaktiv kateqoriyaya, mətbuat və TV-yə aiddir.
İyunun 9-da festivalda müsabiqə işlərinin sərgisi açılacaqdır. Elə həmin gün və iyunun 10-da “İslande Hotel” mehmanxanasında müsabiqəyə təqdim edilmiş mətbu reklam, xarici reklamın imkanları, reklam şirkətlərinin ideyaları ilə tanış olmaq, reklam çarxlarına və dizayn nümunələrinə tamaşa etmək mümkündür.
“Golden Hammer-2011” festivalının qaliblərinin təltif edilməsi mərasimi iyunun 10-da keçiriləcəkdir.
Nigar Hüseynova
AZƏRTAC –ın xüsusi müxbiri
Riqa