İDMAN
Azərbaycan güləşçiləri İstanbulda keçiriləcək beynəlxalq turnirdə iştirak edəcəklər
Bakı, 29 yanvar (AZƏRTAC). Fevralın 1-2-də İstanbulda Vehbi Emrenin xatirəsinə həsr olunmuş 32-ci beynəlxalq turnir keçiriləcəkdir.
AZƏRTAC xəbər verir ki, Ahmet Cömert İdman Salonunda keçiriləcək turnirdə yunan-Roma güləşi üzrə Azərbaycan milli komandası da iştirak edəcəkdir.
Turnirdə 10 pəhləvanımız birincilik uğrunda mübarizə aparacaqdır. Məşqçilər korpusu bu dəfə Eldəniz Əzizliyə (59 kq), Kamran Məmmədova, Ruhin Mikayılova (hər ikisi 66 kq), Rəsul Çunayeva, Rüstəm Əliyevə (hər ikisi 71 kq), Elvin Mürsəliyevə (75 kq), Emin Əhmədova (80 kq), Şəhriyar Məmmədova (85 kq), Saman Təhmasibiyə (98 kq) və Sabah Şəriətiyə (130 kq) şans verəcəklər.
Görüşlərin idarə olunmasında ölkəmizi beynəlxalq dərəcəli hakim Asif Şirəliyev təmsil edəcəkdir.
Turnirin proqramına əsasən, fevralın 1-də 59, 71, 80 və 98, fevralın 2-də isə 66, 75, 85 və 130 kiloqram çəki dərəcələrində qaliblər müəyyənləşəcəkdir.