İQTİSADİYYAT
Azərbaycan, Gürcüstan və Türkiyənin energetika sahəsində əməkdaşlığı istiqamətində mühüm addım atılmışdır
Tbilisi, 11 dekabr (AZƏRTAC). Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti “Qara dəniz ötürmə şəbəkəsi layihəsi” çərçivəsində Gürcüstan tərəfindən həyata keçirilən 500\400\220 kilovoltluq “Axalsixe” yarımstansiyasının və Türkiyə ilə Gürcüstanı birləşdirən yüksək gərginlikli 400 kilovoltluq elektrik verilişi xəttinin açılış mərasimində iştirak etmişdir.
Mərasimdə çıxış edən Gürcüstanın Baş naziri İrakli Qaribaşvili demişdir ki, enerji müstəqilliyi və təhlükəsizliyi hər bir dövlətin siyasi-iqtisadi durumunu şərtləndirən başlıca amillərdəndir. Baş nazir “Qara dəniz ötürmə şəbəkəsi layihəsi” çərçivəsində həyata keçirilmiş bu sistemin enerji sahəsində əməkdaşlığın, iqtisadiyyatın inkişafı üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulamışdır.
Belə bir böyük layihənin açılış mərasimində iştirakından məmnun olduğunu söyləyən Azərbaycanın energetika naziri Natiq Əliyev bunun Azərbaycan, Gürcüstan və Türkiyənin elektrik sistemləri arasında əməkdaşlığın inkişafına xidmət göstərəcəyini və ölkəmizin gələcəkdə də belə layihələrin həyata keçirilməsində iştirak edəcəyini bildirmişdir.
Tədbir çərçivəsində Gürcüstan Baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze Türkiyənin energetika və təbii ehtiyatlar naziri Taner Yıldızla təkbətək görüş keçirmişdir.
Görüşdən sonra türkiyəli nazir AZƏRTAC-ın müxbiri ilə söhbətində layihənin önəmindən danışaraq demişdir: Bu gün azərbaycanlı qardaşlarımız və qonşu Gürcüstanla yaxşı bir iş birliyi qurduq. Bu layihənin həyata keçirilməsi ilə hər üç ölkə bir-birinə elektrik enerjisi sata biləcəkdir və gələcəkdə enerji sahəsində əlaqələrimizin daha da inkişaf etdirilməsinə çalışacağıq.
Kaxa Kaladze də bu layihənin Gürcüstan və ümumilikdə bölgədə energetika sahəsində əməkdaşlığın inkişafında vacib roluna diqqət çəkmişdir. Onun dediyinə görə, bununla həm Gürcüstan, həm də Azərbaycan elektrik enerjisini Türkiyəyə, oradan isə Avropa bazarına çıxarmaq imkanı qazanmışlar.
Türkiyəli həmkarı ilə gələcək fəaliyyət planlarını müzakirə etdiklərini vurğulayan K.Kaladze demişdir: Gürcüstana böyük məbləğdə Türkiyə sərmayəsi yatırılmışdır, Türkiyə şirkətləri çoxlu su-elektrik stansiyaları tikmək istəyirlər. Biz yeni layihələr, əməkdaşlığın daha səmərəli yolları barədə fikir mübadiləsi apardıq.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi