İDMAN
Azərbaycan idmançıları İsveçdə keçirilən ənənəvi “Trelleborq Open” turnirində üç medal qazanmışlar
Bakı, 11 fevral (AZƏRTAC). Gənclərdən ibarət Azərbaycan seçmə komandası İsveçdə keçirilən ənənəvi “Trelleborq Open” turnirində yarışlara uğurla başlamışdır.
Azərbaycan Taekvondo Federasiyasından AZƏRTAC-a bildirmişlər ki, Avropa Taekvondo Birliyinin (ETU) A dərəcəli turnirinin ilk günündə idmançılarımız 3 medal qazanmışlar.
Dörddəbir final mərhələsində Finlandiyadan olan idmançı Linna Lottaya 9:5 hesabı ilə qalib gələn Azərbaycan taekvondoçusu Nərminə Məmmədova (44 kq) ikidəbir final mərhələsində isveçli Patrisiya Striner üzərində də 4:1 hesablı qələbə qazanaraq finala yüksəlmişdir. Finalda Kiprdən olan idmançı Kouttoki Kiriyakini 1:0 hesabı ilə məğlub edən Nərminə Məmmədova fəxri kürsünün ən yüksək pilləsinə yüksələrək qızıl medala sahib olmuşdur.
Daha iki idmançımız - Tağı Tağızadə (45 kq) və Məhəmməd Məmmədov (55 kq) bu yarışda bürünc medala sahib olmuşlar.
Taekvondoçularımızdan Zümrüd Məlikova (49 kq), Samir Novruzov (51 kq), Yusif Hüseynli (9 kq), Mirxanım Ağayeva (44 kq) və Təranə Məmmədova (46 kq) mübarizəni dörddəbir finalda, Aynur Məmmədova (49 kq), Babək Əjdərli (48 kq), Əli Axundov (59 kq) və Məmmədnəbi Alqayev (55 kq) isə çıxışlarını təsnifat mərhələsində başa vurmuşlar.
Yarışda iştirak edən daha 6 idmançımız fevralın 10-da mübarizəyə qoşulmuşdur.
Gənclərdən ibarət seçmə komandanın baş məşqçisi, Əməkdar Məşqçi Məmməd Abdullayev və heyətin böyük məşqçisi Zahid Məmmədovun rəhbərlik etdiyi taekvondoçularımız vətənə fevralın 12-də qayıdacaqlar.