İDMAN
Azərbaycan idmançıları üçüncü İslam Həmrəyliyi Oyunlarında iştirak etmək üçün İndoneziyaya yola düşmüşlər
Bakı, 20 sentyabr (AZƏRTAC). Xəbər verdiyimiz kimi, sentyabrın 22-dən oktyabrın 2-dək İndoneziyanın Palembanq şəhərində üçüncü İslam Həmrəyliyi Oyunları keçiriləcəkdir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan nümayəndə heyəti üçüncü İslam Həmrəyliyi Oyunlarında iştirak etmək üçün sentyabrın 20-də İndoneziyaya yola düşmüşdür.
Bununla əlaqədar Gənclər və İdman Nazirliyinin qarşısında yolasalma mərasimi keçirilmişdir. Mərasimdə Milli Olimpiya Komitəsinin (MOK), Gənclər və İdman Nazirliyinin (GİN) və müxtəlif idman federasiyalarının nümayəndələri, idmançıların valideynləri iştirak etmişlər.
Çıxış edən gənclər və idman naziri Azad Rəhimov yığmamızın İslam Həmrəyliyi Oyunlarında geniş heyətlə iştirak etdiyini, idmançılarımızın bu yarışa ciddi hazırlaşdıqlarını diqqətə çatdırmışdır. Nazir idmançıların bu mötəbər yarışda onlara göstərilən etimadı doğruldacaqlarına əminliyini ifadə etmişdir.
Oyunlarda Azərbaycan 100 nəfərdən ibarət nümayəndə heyəti ilə təmsil olunacaqdır. Nümayəndə heyətinin rəhbəri MOK-un idman idarəsinin baş məsləhətçisi, beynəlxalq dərəcəli hakim Vaqif Əliyevdir.
Eyni zamanda, rəsmi nümayəndə heyətinə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, MOK-un beynəlxalq əlaqələr idarəsinin rəisi Könül Nurullayeva, beynəlxalq proqramlar üzrə mütəxəssis Mehman Kərimov, informasiya, nəşriyyat və MOK-lararası əlaqələr idarəsinin rəisi Cəmaləddin Rəhmanov və digərləri daxildirlər.
Müxtəlif idman növlərində keçirilən yarışlarda Azərbaycan bu dəfə 54 idmançı ilə 9 idman növü üzrə (atletika, taekvondo, badminton, karate, uşu, üzgüçülük, tennis, ağır atletika və kamandan oxatma) təmsil olunacaqdır.