ELM VƏ TƏHSİL
Azərbaycan İlahiyyat İnstitutunda cenevrəli alimlə görüş
Bakı, 15 noyabr, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Dünya dini liderlərinin II Bakı sammitində iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Cenevrə Universitetinin İdarəetmə, Din və Dəyərlər Mərkəzinin vitse-prezidenti Ventzeslav Sabev ilə görüş keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, rektor Ceyhun Məmmədov qonağa ali təhsil müəssisəsinin fəaliyyəti, məqsəd və vəzifələri, hədəfləri haqqında məlumat verib.
C.Məmmədov institutda təhsilin ödənişsiz əsaslarla aparıldığını, tələbələrin bütün ehtiyaclarının dövlət tərəfindən qarşılandığını bildirib. O, ali məktəbdə mövcud ixtisaslar barədə danışıb, gələcəkdə Xristianlıq və Yəhudiliklə bağlı ixtisasların da tədris olunacağını diqqətə çatdırıb. Rektor qeyd edib ki, institutda dərin dini və dünyəvi biliklərə malik, zəngin dünyagörüşlü, bütün dinlərin nümayəndələrinə hörmətlə yanaşan, yüksək dil biliklərinə sahib mütəxəssislərin hazırlanması əsas məqsədlərdən biridir. C.Məmmədov ali təhsil müəssisəsində tədrisin müasir tələblər səviyyəsində qurulması ilə yanaşı, Avropada mövcud olan qabaqcıl ali təhsil müəssisələrinin təcrübəsindən yararlanmağın da əhəmiyyətinə diqqət çəkib.
Sonra rektor ölkəmizdə mövcud tolerant və multikultural mühit barədə məlumat verib. O qeyd edib ki, ölkəmizdə bütün dinlərin nümayəndələri birlikdə yaşayırlar. Dünyanın terrordan, radikalizmdən və ekstremizmdən əziyyət çəkdiyini qeyd edən rektor ölkəmizin də bu bəlaya məruz qaldığını, torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğal edildiyini nəzərə çatdırıb.
Ventzeslav Sabev yaşadığı şəhər, ali təhsil müəssisəsi və mərkəz haqqında məlumat verərək bildirib ki, neytrallıq, dini plüralizm ənənəsinə sadiq qalan Cenevrə əsrlərboyu cəmiyyətdə, siyasətdə və iqtisadiyyatda innovativ, konsensual və sülh tərəfdarı yanaşmalarının qorunması və təşviqi baxımından hər zaman nümunəvi şəhər olub. Qeyd edib ki, ali təhsil müəssisəsi istər milli, istərsə də regional olaraq dinlərin öyrənilməsi, eləcə də siyasət, hüquq, ilahiyyat, dilçilik, habelə biznes və maliyyə sahələrində də əlaqələndirici mərkəz kimi əhəmiyyətli rol oynayır.
Görüşdə hər iki ali təhsil müəssisəsinin faydalı əməkdaşlığa əsaslanan elmi-tədqiqat işlərinin aparılması, birgə layihələrin reallaşdırılması, tədris metodu üzrə elmi məlumatların qarşılıqlı ötürülməsi, təcrübə və araşdırma, tədris prosesinin təşkili ilə bağlı bilikərin bölüşdürülməsi, universitetlərin alim və mütəxəssislərinin iştirakı ilə konfransların, dəyirmi-masaların keçirilməsi, professor-müəllim heyəti və doktorantlar üçün qarşılıqlı akademik səfərlərin, həmçinin tələbə mübadiləsi və digər məsələlərin həyata keçirilməsi qərara alınıb.
Sonda qonaq ali təhsil müəssisəsinin kitabxanası ilə tanış olub.