SİYASƏT
AZƏRBAYCAN İLƏ Aİ ARASINDA ASSOSİATİV SAZİŞİN İMZALANMASINA DAİR RƏSMİ DANIŞIQLAR İYULUN ORTALARINDA BAŞLANACAQDIR
Bakı, 18 iyun (AZƏRTAC). Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında assosiativ sazişin imzalanmasına dair rəsmi danışıqlara iyulun ortalarında başlanacaqdır.
Bunu jurnalistlərə müsahibəsində xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev demişdir. Onun sözlərinə görə, danışıqların Bakıda keçirilmə ehtimalı böyükdür. İyulun 21-də isə Brüsseldə Azərbaycan ilə Avropa İttifaqı arasında assosiasiyalar haqqında sazişin imzalanmasına dair rəsmi danışıqlarla bağlı ilk texniki görüş keçiriləcəkdir. Görüşdə sazişin strukturu və prinsiplərinə dair məsələlər müzakirə olunacaqdır.
Azərbaycan ilə Avropa İttifaqı arasında viza rejiminin sadələşdirilməsi üzrə danışıqların hansı mərhələdə olduğuna dair sualı cavablandıran Mahmud Məmmədquliyev iyunun 17-18-də Bakıda TAXİS proqramı tərəfindən ekspertlər səviyyəsində texniki seminarın keçirildiyini bildirmişdir. Qeyd etmişdir ki, bu seminar miqrasiya, viza, viza prosedurasının sadələşdirilməsi, sərhədlərin mühafizəsi, miqrasiya prosesinin idarə olunması kimi məsələlərə həsr olunmuşdur. Bu, ilk və ciddi addımdır, yaxın zamanlarda viza rejiminin sadələşdirilməsinə dair danışıqlara başlayacağıq. Bu cür danışıqlar bir il, il yarım davam edə bilər və hər şey görülən işin fəallığından asılıdır. Qeyd edək ki, viza rejiminin sadələşdirilməsi barədə sazişlə eyni vaxtda readmissiya haqqında saziş də imzalanmalıdır.