SİYASƏT
AZƏRBAYCAN İLƏ BELARUS ARASINDA ƏMƏKDAŞLIĞIN PERSPEKTİVLƏRİ MÜZAKİRƏ OLUNMUŞDUR
Minsk, 7 may (AZƏRTAC). Azərbaycanın Minskdəki səfiri Əli Nağıyev mayın 7-də Belarus Respublikası Parlamenti Nümayəndələr Palatasının sədri Vladimir Andreyçenko ilə görüşmüşdür.
Səfir Ə.Nağıyev Azərbaycan ilə Belarus arasında ikitərəfli münasibətlərin bütün aspektləri haqqında məlumat vermişdir.
Görüşdə ölkələrimiz arasında əlaqələrin hərtərəfli inkişaf etdiyi vurğulanmış, bu sahədə perspektiv vəzifələr müzakirə olunmuşdur.
Parlamentin sədri V.Andreyçenko ikitərəfli münasibətlərin daha da inkişafı üçün parlamentlərarası əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulamış, bu istiqamətdə səylərin artırılacağını diqqətə çatdırmışdır.
Görüşdə Azərbaycan Milli Məclisi sədrinin Belarusa işgüzar səfərinin planlaşdırıldığı və bu səfərin yaxın aylarda baş tutacağı bildirilmişdir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk