İQTİSADİYYAT
Azərbaycan ilə Dünya Bankı arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilmişdir
Bakı, 25 iyun (AZƏRTAC). İyunun 25-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri xanım Larisa Leşçenko ilə görüş keçirilmişdir.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə Dünya Bankı ilə birgə icra edilən “Sosial müdafiənin inkişafı” layihəsinin icrasının hazırkı vəziyyəti və əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılmışdır.
Ölkədə əmək və sosial müdafiə sisteminin təkmilləşdirilməsi sahəsində beynəlxalq əməkdaşlıq müstəvisində görülən işlərdən söz açan nazir F.Ələkbərov “Sosial müdafiənin inkişafı” layihəsinin bu sahədə xüsusi əhəmiyyət kəsb etdiyini vurğulamışdır.
L.Leşçenko bu layihənin icrası nəticəsində əldə olunan nəticələrin təcrübi icrasına Dünya Bankının dəstək verməyə hazır olduğunu bildirmişdir. O, sosial yardım proqramları və digər fəaliyyət istiqamətlərindəki innovativ müasir yanaşmaları, sosial proqramlardan əldə edilən nəticələri yüksək qiymətləndirmişdir.