SİYASƏT
Azərbaycan ilə Əfqanıstan arasında iqtisadi əlaqələrin perspektivləri müzakirə edilmişdir
Bakı, 20 may (AZƏRTAC, Nihat Budaqov). Əfqanıstan İslam Respublikasının Milli Assambleyasının deputatlarından ibarət nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində mayın 20-də Milli Məclisin iqtisadi siyasət komitəsinin üzvləri ilə görüş keçirmişdir.
AZƏRTAC xəbər verir ki, görüşdə parlamentin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə Azərbaycan ilə Əfqanıstan arasındakı dostluq münasibətlərindən danışmışdır. Bildirmişdir ki, oxşar taleyi olan xalqlarımız zamanın çətin sınaqlarından alnı açıq, üzü ağ çıxmışlar.
Z.Səmədzadə vurğulamışdır ki, artıq son 10 ildə Azərbaycan dünyada ən sürətlə inkişaf edən ölkə kimi qəbul edilmişdir. Ölkəmizin iqtisadi inkişafında mühüm nailiyyətlər əldə olunmuş, ümumiyyətlə, cəmiyyət həyatının bütün sahələrində çox böyük dəyişikliklər baş vermişdir. Azərbaycan qaz idxal edən ölkədən qaz ixrac edən ölkəyə çevrilmişdir.
Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söhbət açmışdır. O, 20 ildən çoxdur ki, Azərbaycan torpaqlarının 20 faizinin Ermənistanın işğalı altında olduğunu vurğulamışdır.
Əfqanıstan parlamentinin yuxarı palatasının beynəlxalq əlaqələr komissiyasının rəhbəri Nisar Əhməd Hares Azərbaycanda olmaqdan məmnunluq hissi keçirdiyini vurğulamışdır.
Qonaq Azərbaycan ilə Əfqanıstan arasında iqtisadi əlaqələrin inkişafının vacibliyinə toxunmuş, qarşılıqlı yüksək səviyyəli səfərlərin mövcud əməkdaşlığın daha da möhkəmləndirilməsinə xidmət edəcəyinə əminliyini bildirmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.