SİYASƏT
AZƏRBAYCAN İLƏ İNDONEZİYA ARASINDA ƏLAQƏLƏR BÜTÜN SAHƏLƏRDƏ YÜKSƏLƏN XƏTLƏ İNKİŞAF EDİR
Bakı, 24 noyabr (AZƏRTAC). Azərbaycanın İndoneziyadakı səfiri İbrahim Hacıyev noyabrın 24-də İndoneziya Xalq Məşvərət Məclisinin (parlament) yeni seçilmiş sədri Taufik Kiemas ilə görüşmüşdür.
Səfirlikdən bildirmişlər ki, İbrahim Hacıyev Azərbaycan hökuməti, parlamenti və xalqı adından T.Kieması təbrik etmiş, şərəfli və məsuliyyətli fəaliyyətində uğurlar arzulamış, sədrin İndoneziyada demokratiya və vətəndaş cəmiyyətinin qurulmasında xidmətlərini qeyd etmişdir.
Diplomat dost ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə yüksələn xətlə inkişaf etdiyini vurğulamış, parlamentlərin əməkdaşlığından danışaraq Azərbaycan Milli Məclisində Azərbaycan-İndoneziya parlamentlərarası işçi qrupunun fəaliyyət göstərdiyini, İndoneziya parlamentinin nümayəndə heyətlərinin və Nümayəndələr Palatasında fəaliyyət göstərən İndoneziya-Azərbaycan ikitərəfli əməkdaşlıq qrupunun Azərbaycana səfərlərini qeyd etmişdir.
İ.Hacıyev Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində Azərbaycanın səylərinə İndoneziyanın davamlı dəstəyini yüksək qiymətləndirmişdir.
Səfir İndoneziyada Azərbaycan səfirliyinin 2005-ci ildə fəaliyyətə başladığını, Azərbaycanda İndoneziya səfirliyinin açılmasının əməkdaşlığımızın inkişafına təkan verəcəyinə əminliyini bildirmiş, məsələnin həllində sədrin yardımını xahiş etmişdir.
Xalq Məşvərət Məclisinin sədri T.Kiemas Azərbaycan-İndoneziya əməkdaşlığının inkişafından məmnunluğunu bildirmiş, bu əlaqələrin daha da genişləndirilməsinə səy göstərəcəyini vəd etmişdir.
Sədr əməkdaşlığın inkişaf etdirilməsi baxımından Azərbaycanda İndoneziya səfirliyinin açılmasının məqsədəuyğunluğunu vurğulamış, məsələnin müsbət həlli üçün İndoneziya hökuməti, xüsusilə Xarici İşlər Nazirliyi ilə təmaslar həyata keçirəcəyini diqqətə çatdırmışdır.
T.Kiemasa Azərbaycanın geostrateji mövqeyi, inkişafı, regionda və beynəlxalq aləmdə artan nüfuzu barədə məlumat verilmişdir.
Səfirliyin hazırladığı Azərbaycanın tarixi, mədəniyyəti və turizm imkanları, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında kitablar və disklər qarşı tərəfə təqdim edilmişdir.
Görüşdən sonra İ.Hacıyev jurnalistlərin suallarını cavablandırmışdır.
######