SİYASƏT
Azərbaycan ilə İraq arasında əlaqələrin daha da genişləndirilməsi məsələləri müzakirə olunmuşdur
Bakı, 19 iyun (AZƏRTAC). “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Azərbaycan-İraq mədəni əlaqələri: dünəni, bu günü və gələcəyi” adlı tədbirlər silsiləsi çərçivəsində ölkəmizdə səfərdə olan İraq nümayəndə heyəti Azərbaycan-İraq parlamentlərarası dostluq qrupunun rəhbəri İlham Məmmədov, qrupun üzvləri Milli Məclisin deputatları Qənirə Paşayeva və Dünya Türk Gəncləri Birliyinin sədri Əkrəm Abdullayev ilə görüşmüşlər.
AZƏRTAC xəbər verir ki, görüşdə parlamentlərarası dostluq qrupunun üzvü İ.Məmmədov ölkələrimiz arasında əlaqələrin qədim tarixə malik olduğunu və dövlət müstəqilliyimizin bərpasından sonra bu münasibətlərin daha da inkişaf etdiyini vurğulamışdır. Əlaqələrimizin inkişafında qanunverici orqanların rolunu xüsusi vurğulayan deputat hər iki ölkənin parlamentində dostluq qruplarının yaradılmasını yüksək qiymətləndirmişdir. Deputatların qarşılıqlı səfərlərinin əhəmiyyətindən danışan İ.Məmmədov iraqlı deputatların Azərbaycana səfərinin əməkdaşlığımızın daha da genişlənməsinə təkan verəcəyinə əminlik ifadə etmişdir.
Q.Paşayeva da Azərbaycanın İraq ilə münasibətlərin inkişafına əhəmiyyət verdiyini, bütün istiqamətlərdə əməkdaşlığın daha da artmasında maraqlı olduğunu bildirmişdir. Deputat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə, Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində törətdiyi vandalizm aktları, soyqırımılar barədə qonaqlara ətraflı məlumat vermişdir. Q.Paşayeva münaqişə ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qərarların Ermənistan tərəfindən yerinə yetirilmədiyini diqqətə çatdırmışdır.
Ə.Abdullayev də ölkələrimiz arasında əməkdaşlığın daha da artırılmasının vacibliyindən danışmış və bu istiqamətdə qeyri-hökumət təşkilatlarının da üzərinə böyük məsuliyyətin düşdüyünü diqqətə çatdırmışdır.
Azərbaycanı qardaş ölkə adlandıran iraqlı qonaqlar səfər çərçivəsində ölkəmizdə dinamik inkişafın şahidi olduqlarını vurğulamış və İraqın respublikamız ilə əlaqələrin inkişafında maraqlı olduğunu bildirmişlər. Qeyd edilmişdir ki, münasibətlərimizin daha da inkişafında parlamentlərin rolu böyükdür.
Görüşdə Azərbaycan ilə İraq arasında bütün sahələr üzrə əlaqələrin inkişaf perspektivləri müzakirə olunmuş, qarşılıqlı səfərlərin vacibliyi vurğulanmışdır.
Sonda İ.Məmmədov, Q.Paşayevaya və Ə.Abdullayevə Azərbaycan-İraq əlaqələrinin inkişafındakı xidmətlərinə görə mükafatlar təqdim etmişdir.