MƏDƏNİYYƏT
Azərbaycan ilə Misir arasında turizm sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensial var
Bakı, 2 iyun, AZƏRTAC
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Bakıda Azərbaycan-Misir işgüzar görüşü keçirilib.
AZPROMO-dan AZƏRTAC-a bildiriblər ki, qurumun rəhbəri Rüfət Məmmədov Azərbaycanda uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmizin qazandığı iqtisadi uğurlar barədə misirli qonaqlara məlumat verib. R.Məmmədov Azərbaycanın xarici investisiyalar üçün əlverişli və cəlbedici ölkə olduğunu vurğulayıb. Böyük turizm potensialına malik olan Azərbaycan ilə Misir arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd edən AZPROMO rəhbəri misirli iş adamlarını bu sahədə azərbaycanlı həmkarları ilə fəal əməkdaşlığa dəvət edib.
Misirin Cənubi Sinay hökuməti ədliyyə nazirinin konsulu Valeed-əl Sebai Sinay vilayətinin turizm ehtiyatları və yaradılmış turizm infrastrukturundan danışıb, Azərbaycan ilə Misir arasında turizm sahəsində əməkdaşlıq imkanlarından söz açıb.
Görüşdə hər iki ölkəni təmsil edən turizm sektorunda fəaliyyət göstərən iş adamları öz fəaliyyətləri barədə məlumat verib, əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparıblar.