İQTİSADİYYAT
Azərbaycan Kredit Bürosu məlumat bazasını genişləndirir
Bakı, 7 dekabr, AZƏRTAC
Azərbaycan Kredit Bürosu (AKB) məlumat bazasını genişləndirir.
AKB-dən AZƏRTAC-a bildiriblər ki, əhatə dairəsinin genişləndirilməsi, məlumat istifadəçilərinin daha geniş informasiya ilə təmin edilməsi strategiyası çərçivəsində ölkədə fəaliyyət göstərən lizinq şirkətlərinin nümayəndələrinin iştirakı ilə görüş keçirilib.
AKB-nin baş direktoru Elçin Həbibov iştirakçılara büronun fəaliyyəti və bu müddət ərzində təqdim edilmiş xidmətlər haqqında məlumat verib. Baş direktor, eyni zamanda, çıxışında kredit məlumatlarının mübadiləsi sisteminin biznes subyektlərinin risklərinin azaldılmasındakı rolundan danışıb.
Görüşdə AKB-nin əməkdaşları büronun xidmətləri və lizinq şirkətlərinin büroya inteqrasiyası ilə bağlı nəzərdə tutulan plan və addımlar haqqında təqdimatlarla çıxış edib, tədbir iştirakçıları ilə məlumat mübadiləsi üzrə interaktiv müzakirələr aparılıb.
Qeyd edək ki, AKB tərəfindən ilkin olaraq lizinq şirkətlərinin büroya inteqrasiyası imkanlarının qiymətləndirilməsi aparılacaq və onların büroya qoşulması üçün zəruri təlimatlar və test mühit təqdim olunacaq.
Müvafiq hazırlıq prosesini başa çatdırmış və öz portfelini büroya ötürməyə hazırlığını bitirən şirkətlər AKB ilə real vaxt rejimində məlumat mübadiləsinə başlayacaqlar.