SİYASƏT
Azərbaycan məktəbliləri Budapeştdə keçirilən məktəb festivalında vətənimiz haqqında danışmışlar
Budapeşt, 4 noyabr (AZƏRTAC). Rusiya Federasiyasının Macarıstandakı səfirliyi yanındakı orta məktəbdə Rusiyada qeyd edilən Xalq Birliyi gününə həsr olunmuş müsabiqə-festival keçirilmişdir. Hər bir sinfə MDB üzvü olan dövlətlərin tarixinə dair əsas bilikləri yoxlamaq üçün təqdimat hazırlamaq və özünəməxsus viktorina keçirmək tapşırılmışdı.
Burada təhsil alan iki azərbaycanlı məktəbli - dördüncü sinif şagirdi Rafael Cəfərov və ikinci sinif şagirdi Fidan Seyidova öz vətənlərini məktəbli dostlarına, müəllimlərə və qonaqlara qürur hissi ilə təqdim etmişlər. Milli geyimli balaca həmvətənlərimiz səhnədə “Cücələrim” mahnısını ifa etmiş, sonra isə Azərbaycan pavilyonu üçün ayrılmış sinif otağında miniatür ölçülü xalçaçılıq sənəti nümunələrini, tar, kamança və qaval kimi musiqi alətlərini, habelə Azərbaycan haqqında posterləri, ölkəmizin gerbini, bayrağını, məşhur həmvətənlərimizin portretlərini nümayiş etdirmişlər.
Qonaqlara “külçə” deyilən şirin çörək təklif edilmişdir. Azərbaycanın Macarıstandakı səfirliliyi bizim balaca vətənpərvərlərə çox böyük kömək etmiş, onları festival üçün zəruri materiallar və eksponatlarla təchiz etmişdir. Pavilyonun materialları arasında Heydər Əliyev Fondu tərəfindən alman, macar, ingilis və rus dillərində nəşr edilmiş çap materialları və kompakt disklər xüsusi yer tuturdu.
Məktəblilərin valideynləri AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, bu cür tədbirlər uşaqlarda vətənpərvərlik və vətəninə görə qürur hissi tərbiyə etməyə, əcdadlarımızın torpağı ilə qırılmaz əlaqəni hiss etməyə kömək edir.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt