ELM VƏ TƏHSİL
Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə Norveçin “ENSI” şirkəti arasında əməkdaşlığa dair memorandum imzalanmışdır
Bakı, 28 mart (AZƏRTAC). Azərbaycan Memarlıq və İnşaat Universiteti (AMİU) ilə Norveçin “ENSI” (“Energy Saving International AS”) şirkəti arasında enerji səmərəliliyi və binalarda enerji səmərəliliyinin yüksəldilməsi sahəsində əməkdaşlığa dair memorandum imzalanmışdır.
AMİU-dan AZƏRTAC-a bildirmişlər ki, əməkdaşlığın məqsədi “ENSI” şirkətinin hazırladığı xüsusi proqram əsasında universitetdə və respublikamızda fəaliyyət göstərən mütəxəssislərin təlimi, hazırlanması və ixtisasının artırılması, təcrübə və informasiya mübadiləsini təşkil etməkdir. Həmçinin hər iki ölkənin ali məktəbləri, təşkilatları və şirkətləri ilə elmi və praktik əlaqələrin yaradılması, birgə treninq, konfrans və seminarların keçirilməsi, universitetin kompyuter siniflərinə şirkətin proqramının yüklənməsi və lisenziyanın verilməsi də nəzərdə tutulur.
Sənədi AMİU-nun rektoru, Milli Məclisin deputatı, professor Gülçöhrə Məmmədova və “ENSI” şirkətinin nümayəndəsi Nataliya Qritsenko imzalamışlar.