ELM VƏ TƏHSİL
Azərbaycan Müəllimlər İnstitutunda ali məktəblərin müəllimləri üçün üçaylıq ixtisasartırma kursları keçirilir
Bakı, 15 oktyabr (AZƏRTAC). Azərbaycan Müəllimlər İnstitutunda (AMİ) ali məktəblərin müəllimləri üçün üçaylıq ixtisasartırma kursları keçirilir.
AMİ-dən AZƏRTAC-a bildirmişlər ki, kursda 15 ali məktəbdən 68 nəfər iştirak edir. Kurs müddətində dinləyicilərin Milli Məclisin deputatları, mərkəzi icra orqanlarının rəhbərləri, aparıcı mütəxəssisləri, tanınmış elm və mədəniyyət xadimləri ilə görüşləri nəzərdə tutulmuşdur.
Kurs çərçivəsində Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hakimi, Yazıçılar və Jurnalistlər birliklərinin, Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü, tanınmış hüquqşünas Ənvər Seyidov ilə dinləyicilərin görüşü keçirilmişdir.
Tədbirdə Ə.Seyidovun həyat və yaradıcılığı haqqında məlumat verilmiş, əsərləri əsasında çəkilmiş filmlərdən söz açılmışdır.
Canlı diskussiya şəraitində keçən görüşdə Ə.Seyidov cəmiyyətin müxtəlif sahələrini əhatə edən hüquq məsələləri ilə bağlı sualları cavablandırmışdır.