İQTİSADİYYAT
Azərbaycan mülki aviasiyası ilk Avropa Oyunları zamanı qonaqlara yüksək səviyyədə xidmət göstərib
Bakı, 9 iyul, AZƏRTAC
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (AZAL) və mülki aviasiyanın bütün strukturları “Bakı-2015” ilk Avropa Oyunları zamanı ölkəyə gələn qonaqlara və idmançılara yüksək səviyyədə xidmət göstərib.
Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iyun ayında Heydər Əliyev Beynəlxalq Hava Limanında sərnişin daşımanın həcmi 280 min 405 nəfər təşkil edib ki, bunun da 228 min 182 nəfəri beynəlxalq, 52 min 223 nəfəri isə daxili reyslərin payına düşür.
Rəsmi məlumata görə, ilk Avropa Oyunları zamanı Azərbaycana 28 mindən çox əcnəbi səfər edib. Avropa Oyunlarını izləmək üçün bilet alan əcnəbilərin böyük əksəriyyəti Rusiya, Böyük Britaniya, Almaniya, Hollandiya, İtaliya, İsveçrə, İspaniya, ABŞ və BƏƏ-nin vətəndaşları olub.
Bakıda keçirilən ilk Avropa Oyunlarında 49 ölkədən olan 6000-dən çox idmançı iştirak edib.
“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsindən (BEGOC) AZAL rəhbərliyinin adına daxil olan təşəkkür məktubunda qeyd edildiyi kimi, ilk Avropa Oyunlarının rəsmi ev sahibi kimi Bakı Hava Limanının qarşısında indiyə kimi rastlaşmadığı ən böyük əməliyyat və maddi-texniki tapşırıqlar dayanırdı.
“Heydər Əliyev Beynəlxalq Hava Limanı oyunlar zamanı və oyunlardan sonra görünməmiş sərnişin sayı və baqaj həcmi ilə üzləşdi. Hava limanı nəinki qısa zaman çərçivəsində çox sayda idmançının baqajı ilə birlikdə daşınmasının həyata keçirilməsi kimi unikal tapşırıqlarla üz-üzə qaldı, həm də işinin əvvəlki kimi maneəsiz davam etməsini təmin etməli idi. Bu, Bakıya belə möhtəşəm və unudulmaz oyunlar təqdim etməyə şərait yaradan proqramda əməyi keçən hər kəsin sadiqliyi, həvəsi və ağır əməyi demək idi. Tədbirin planlaşdırılmasına çox vaxt və səy sərf olundu və indi geriyə baxarkən, sadəcə mükəmməl şəkildə həyata keçirilmiş bir iş görə bilərik. Nəticə səmərəli, yaxşı planlaşdırılan, gözəl koordinasiya olunan və resurslarla yaxşı təmin olunan işdən xəbər verir. Bakıda oyunların keçirilməsi təcrübəsi müsbət oldu və heç bir şübhə yoxdur ki, hava limanı Oyunların vacib məqsədlərinin öhdəsindən gəldi və Oyunların uğurlu keçirilməsinə öz töhfəsini verdi”, - deyə BEGOC-un məktubunda deyilir.
Qeyd etmək lazımdır ki, ümumi sahəsi 65 min kvadrat metr olan yeni aerovağzal kompleksində uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə beynəlxalq aviasiyada istifadə olunan ən son elmi-texniki nailiyyətlər tətbiq edilib.
Heydər Əliyev Beynəlxalq Hava Limanı təhlükəsizliyin yüksək səviyyədə olmasını, rahat şərait və keyfiyyətli xidmət göstərilməsini təmin edib. Burada sərnişinlərin rahatlığı üçün hər cür şərait yaradılıb - çox sayda kafe və restoranlar, biznes salonlar, interaktiv köşklər və uşaq meydançası inşa edilib, zallarda 2000-dən çox rahat oturacaq, 40 ədəd qeydiyyat masası, 30 eskalator, 21 lift və binanın xaricində teleskopik traplar quraşdırılıb.
“Azərbaycan Hava Yolları” (AZAL) böyük aviadaşıyıcı və MDB ölkələrinin aviasiya icmasının liderlərindən biridir. Aviaşirkətin ümumi marşrut şəbəkəsi 19 ölkədə 40 istiqamətdən ibarətdir. 2014-cü ildə “Azərbaycan Hava Yolları” 1 milyon 800 mindən çox sərnişin daşıyıb.
Azərbaycanın mülki aviasiyası Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) standartlarına tamamilə cavab verir, AZAL isə mülki aviasiyanın ən nüfuzlu assosiasiyası - Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) üzvüdür.
2015-ci ilin iyun ayında aviaşirkətlərin xidmət səviyyəsinin qiymətləndirilməsi sahəsində ən tanınmış beynəlxalq reytinq agentliyi "Skytrax" AZAL-ı nüfuzlu "4 Ulduz" reytinqinə layiq görüb.
AZAL 25 hava gəmisindən ibarət ən yeni təyyarə parkına malikdir. AZAL-ın qərargahı Bakı şəhərində, beynəlxalq standartlara cavab verən Heydər Əliyev Beynəlxalq Hava Limanında (hava limanı 2014-cü ilin dekabrında "4 Ulduz" reytinqinə layiq görülüb) yerləşir.
Heydər Əliyev Beynəlxalq Hava Limanı əlverişli coğrafi mövqeyinə görə Şərq və Qərb, Şimal və Cənub arasında tranzit uçuşlar baxımından regionda birinci yer tutur.