AZƏRBAYCAN MURMANSK SƏRGİSİNDƏ
Murmansk, 28 fevral (AZƏRTAC). Murmansk Dövlət Elmi Kitabxanasında açılmış sərgidə Azərbaycan tarixinin əlamətdar hadisələri, onun dünəni və bu günü ilə bağlı maraqlı faktlarla tanış olmaq mümkündür. “Yubilyar KİV-lər” devizi altında keçirilən sərgi hazırda Rusiya Federasiyası Prezidentinin və Hökumətinin nəşri olan “Rodina” (“Vətən”) jurnalının 130 illiyinə həsr olunmuşdur.
Təqdimatdan sonra jurnalist Əlihüseyn Şükürovun xahişi ilə gənc murmansklı kitabxanaçı Oleq Yejov jurnalın 60 nömrəsindən ibarət ekspozisiyada ölkəmiz barədə maraqlı materialları şərh etmişdir:
“Rodina”nın “Rusiyanın böyük nefti” adlı xüsusi buraxılışı (2008-ci ilin 10-cu nömrəsi) oxuculara tarix elmləri namizədi İsmayıl Ağakişiyevin “Neft həyəcanı” məqaləsini təqdim etmişdir. Ötən əsrin əvvəlində və axırında Azərbaycan paytaxtında yaşanan “neft bumları” barədə məlumat verən müəllif “Köhnə Bakı” (1938-ci il), “Abşeronun istismarda olan neft quyuları” (1880-ci il), “Neft mədənləri. Bakı yaxınlığında Qaraşəhər”, “XIX əsr Bakısının neft mədənlərinin ümumi görünüşü” və s. nadir fotoşəkilləri yerləşdirmişdir.
Sərgidə Sibirdə böyük neft yataqları kəşf etmiş məşhur həmvətənimiz Fərman Salmanovun həyatına və çoxşaxəli fəaliyyətinə həsr olunmuş bir sıra məqalə və fotomateriallar nümayiş etdirilir. “Hamı axtarır”, “Bakı neftinə İsveç baxışı”, “Yüksəliş”, “Bütün vasitələr yaxşıdır” və s. kimi məqalələrdə neft akademiyası sayılan Bakıdan, məşhur həmvətənlərimizdən söhbət açılır.