MƏDƏNİYYƏT
Azərbaycan musiqisini populyarlaşdırmağa çalışırıq
Bakı, 16 dekabr, AZƏRTAC
Dekabrın 16-da Vaqif Mustafazadənin İçərişəhərdəki ev-muzeyində tanınmış musiqiçi, pianoçu, bəstəkar, caz muğam janrının banisi, Azərbaycanın Əməkdar Artisti və Əməkdar İncəsənət xadiminin xatirəsinə həsr olunmuş tədbir keçirilib. Tədbir Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi yanında Dövlət Musiqi Mədəniyyəti Muzeyi tərəfindən təşkil olunub.
Tədbirdə iştirak edən gənc pianoçu və bəstəkar Etibar Əsədli AZƏRTAC-a eksklüziv müsahibəsində deyib: “Mən keçən il Bakı Musiqi Akademiyasını bitirmişəm, indi aspiranturada oxuyuram. Bu yaxınlarda Londondan qayıtmışam. Orada caz triomuz tanınmış musiqiçi Aslan Növrəsli ilə birlikdə beynəlxalq art-festivalda uğurla çıxış edib. Biz Azərbaycan bəstəkarlarının əsərlərinin kaver-versiyalarını ifa edirik. Onların arasında Vaqif Mustafazadənin hamı tərəfindən sevilən musiqisi də vardır. Həmçinin Azərbaycanın xalq mahnı və muğamları mövzusunda caz improvizasiyaları ilə çıxış edirik. Azərbaycan musiqisini dünyada populyarlaşdırmağa çalışırıq”.