İQTİSADİYYAT
Azərbaycan nümayəndə heyəti Fransada beynəlxalq konqresdə iştirak etmişdir
Paris, 31 oktyabr (AZƏRTAC). Fransanın Tunellər və Yeraltı Sahə üzrə Cəmiyyəti (AFTES) tərəfindən Lion şəhərində nəqliyyat, yeraltı sahə və tunellər mövzusunda beynəlxalq konqres təşkil edilmişdir. “Azərtunelmetrotikinti” ASC-nin, Azərbaycan Memarlıq və İnşaat Universitetinin, Azərbaycanın Fransadakı səfirliyinin və Azərbaycan-Fransa Ticarət Palatasının əməkdaşlarından ibarət nümayəndə heyəti bu tədbirdə ölkəmizi təmsil etmişdir. Azərbaycan Respublikası konqresdə fəxri qonaq qismində iştirak etmişdir.
Tədbir çərçivəsində Azərbaycan Tunellər Assosiasiyasının rəhbəri, “Azərtunelmetrotikinti ASC-nin sədri Şaiq Əfəndiyev ilə Fransanın Tunellər və Yeraltı Sahə üzrə Cəmiyyətinin prezidenti Alan Balan arasında əməkdaşlığın inkişaf etdirilməsinə dair anlaşma memorandumu imzalanmışdır. Bununla yanaşı, 2012-ci ilin sentyabr ayında analoji müvafiq beynəlxalq konqresin Bakı şəhərində təşkil edilməsi ilə bağlı tərəflər arasında tərəfdaşlıq protokolu imzalanmışdır.
Səfər çərçivəsində Azərbaycan Memarlıq və İnşaat Universitetinin prorektoru Nərgiz Abdullayeva və universitetin professorları yol infrastrukturunun inşaatı və memarlıq üzrə ixtisaslaşan bəzi universitetlərdə görüşlər keçirmiş və əməkdaşlığın konkret istiqamətlərini müzakirə etmişlər.
Azərbaycan nümayəndə heyəti konqres çərçivəsində təşkil edilmiş müvafiq sərgidə də iştirak etmiş, bir sıra xarici şirkətlərin, o cümlədən fransız şirkətlərinin tunel və yol infrastrukturunun tikintisi təcrübələri ilə tanış olmuşdur. Eyni zamanda, tədbir çərçivəsində Lion şəhərinin və regionun rəhbərliyi ilə keçirilmiş görüşdə Azərbaycan haqqında ətraflı məlumat verilmişdir.
Səfərin sonunda nümayəndə heyəti Fransanın nəqliyyat naziri Tiyeri Mariani ilə görüşmüşdür. Görüşdə Azərbaycan ilə Fransa arasındakı yüksək səviyyəli siyasi və iqtisadi əməkdaşlıqdan bəhs olunmuş və Fransa Prezidentinin cari il oktyabrın 7-də Azərbaycana səfərindən sonra bu əməkdaşlığın daha da yüksək templə inkişaf edəcəyinə dair fikir səslənmişdir. Azərbaycanda reallaşdırılan nəqliyyat infrastrukturu, həmçinin dəmir yolu və avtomobil yollarının inkişafı layihələrində fransız şirkətlərinin iştirakının Fransa tərəfi üçün böyük maraq doğurması bir daha vurğulanmışdır.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris