İQTİSADİYYAT
Azərbaycan nümayəndələri Sinqapurda keçirilmiş Beynəlxalq konfransda iştirak etmişlər
Bakı, 4 iyun (AZƏRTAC). Sinqapurda “Yayılmama üzrə şəbəkənin qurulması: 12-ci Beynəlxalq ixrac nəzarəti” mövzusunda konfrans keçirilmişdir.
Ümumilikdə dünyanın 75 ölkəsindən 300-dək nümayəndənin iştirak etdiyi konfransda Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK), Xarici İşlər, Sənaye və Energetika nazirliklərinin nümayəndələri ilə təmsil olunmuşdur.
DGK-nın nümayəndəsi Daşqın Əliyev AZƏRTAC-a bildirmişdir ki, konfransın ilk günü ümumi təqdimat və müzakirələrə, ikinci günü ixrac nəzarətinin konkret sahələri üzrə qrup müzakirələrinə, sonuncu gün isə əldə olunmuş nəticələrə və yekun çıxışlara həsr edilmişdir.
Məruzəçilər qloballaşan dünyada sürətlə artan ticarət əlaqələrinin asanlaşdırılması sahəsində atılan addımlarla yanaşı, mövcud terror hədələrindən irəli gələn təhlükəsizlik faktorunun da son dərəcə vacib məsələ olması və bunun qarşısının alınması ilə bağlı beynəlxalq əməkdaşlığın, xüsusilə ixrac nəzarəti sahəsində səmərəli iş birliyinin rolunu vurğulamışlar.
Konfrans iştirakçılarına dünyada ikili və hərbi təyinatlı malların yayılmasına qarşı mübarizə məqsədilə yaradılmış formal və qeyri-formal rejimlər, bu rejimlər sistemində Vassenar Razılaşmasının yeri, onun iş prinsipi, razılaşma çərçivəsində fəaliyyət göstərən işçi qruplar və müvafiq nəzarət siyahısı barədə məlumat verilmişdir. Mövzular ətrafında çıxışlar əsasən ikili təyinatlı mallara səmərəli nəzarət, onların qanunsuz dövriyyəsinə qarşı mübarizə, ixrac nəzarətinə düşən malların eyniləşdirilməsi sahəsində gömrük əməkdaşlarının təlimi, qeyd olunan sahələrdə milli təcrübə məsələlərini əhatə etmişdir. Hər bir təqdimat üzrə konfrans iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.
Konfransın sonunda iştirakçılara sertifikatlar verilmişdir.