İQTİSADİYYAT
“Azərbaycan Polad İstehsalı Kompleksi” bir neçə zavodun inşasına hazırlıq görür
Bakı, 16 aprel, AZƏRTAC
“Azərbaycan Polad İstehsalı Kompleksi” QSC-nin nəzdində 3 il ərzində polad istehsalı zavodu, dənəvər istehsalı zavodu, dənəvərdən birbaşa reduksiya yolu ilə dəmir istehsalı zavodu, bölgələrdə polad məhsulları istehsalı (armatur, şveller, rels, boru, polad məftil) zavod və sexləri qurulacaq. Müəssisələrin texniki-iqtisadi əsaslandırılması prosesi başa çatıb, layihələndirmə mərhələsinə başlanılıb.
Bu barədə AZƏRTAC-a “Azərbaycan Polad İstehsalı Kompleksi”ndən məlumat verilib.
Zavodların tikintisinə 3 min işçi cəlb olunacaq. Müəssisələr fəaliyyətə başlayanda işə 2500 nəfər daimi işlə təmin ediləcək. Hazırda Daşkəsəndəki kombinatda 400 nəfər işləyir. Onların əmək haqqı 20 faiz artırılıb, əvvəllər iş şəraitində mövcud olan çətinliklər aradan qaldırılıb.
Kompleks 2060-cı ilə qədər Daşkəsən mədəninin inkişaf planını qəbul edib. Təkcə Daşkəsən qrupu yataqlarında 270 milyon ton filiz ehtiyatı var ki, bu da 50-60 ilə bəs edər.