RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ABŞ KONQRESİNİN NÜMAYƏNDƏLƏR PALATASINDAKI AZƏRBAYCAN ÜZRƏ İŞÇİ QRUPUNUN HƏMSƏDRİ BİLL ŞUSTERİN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da Prezident sarayında ABŞ Konqresinin Nümayəndələr Palatasındakı Azərbaycan üzrə işçi qrupunun həmsədri Bill Şusterin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dövlətimizin başçısı hazırda ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələrdə fəal və uğurlu inkişaf mərhələsində olduğunu bildirdi. Prezident İlham Əliyev ikitərəfli əlaqələrin və müxtəlif səviyyələrdə qarşılıqlı fəaliyyətin Azərbaycanla ABŞ arasında güclü tərəfdaşlıq münasibətlərinin daha da genişlənməsinə kömək etdiyini vurğuladı. O, bir çox sahələrdə ölkələrimizin müttəfiq və tərəfdaş olduğunu bildirdi. Dövlətimizin başçısı ölkəmizdə geniş inkişaf proseslərinin getdiyini vurğulayaraq, Azərbaycanın regionda mövqelərinin daha da möhkəmləndiyini dedi. Prezident İlham Əliyev ABŞ nümayəndə heyətinin bu səfərinin tərəfdaşlıq əlaqələrimizin genişləndirilməsinə xidmət edəcəyinə əminliyini ifadə etdi.
Ölkəmizə səfərinin böyük əhəmiyyət kəsb etdiyini bildirən Bill Şuster Azərbaycanın ABŞ-la bir sıra sahələrdəki tərəfdaşlığını, o cümlədən ölkəmizin antiterror koalisiyasında fəal iştirakını, Azərbaycan hərbçilərinin İraq və Əfqanıstanda həyata keçirdikləri sülhməramlı missiyasını yüksək dəyərləndirdi. O, Azərbaycanın enerji sahəsində gördüyü işlərin də böyük əhəmiyyətə malik olduğunu vurğuladı.