RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV BAŞ NAZİR ARTUR RASİZADƏYƏ VƏ UZUN MÜDDƏT MÜXTƏLİF DÖVLƏT VƏZİFƏLƏRİNDƏ ÇALIŞAN CƏFƏR VƏLİYEVƏ “İSTİQLAL” ORDENİ TƏQDİM ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 28-də Prezident sarayında Baş nazir Artur Rasizadəyə və uzun müddət müxtəlif dövlət vəzifələrində çalışan Cəfər Vəliyevə ölkəmizin yüksək dövlət mükafatını - “İstiqlal” ordenini təqdim etmişdir.
Prezident İlham Əliyev Baş nazir Artur Rasizadəyə və Cəfər Vəliyevə təbriklərini çatdırdı, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində onların fəaliyyətini yüksək qiymətləndirdi. İstər 1970-1980-ci illərdə, istərsə də müstəqillik dövründə müxtəlif dövlət vəzifələrində çalışan bu insanların Azərbaycanın inkişafı naminə gərgin əmək sərf etdiklərini bildirən dövlətimizin başçısı onların fəaliyyətlərinin ölkəmizin rifahına yönəldiyini söylədi və hər ikisinə uğurlar arzuladı.
Baş nazir Artur Rasizadə əməyinə verilən yüksək qiymətə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirdi, ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında uzun müddət işləməsini böyük fəxrlə xatırladı. Azərbaycanda başlanmış vüsətli quruculuq işlərinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayan Baş nazir xalqımızın və dövlətimizin qarşısında duran problemlərin, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli sahəsində məqsədyönlü fəaliyyətində dövlətimizin başçısına uğurlar dilədi və bundan sonra da müstəqil Azərbaycan naminə ölkə Prezidentinin əsgəri olacağını bildirdi.
Uzun müddət ümummilli lider Heydər Əliyevlə işlədiyini böyük minnətdarlıq duyğuları ilə yada salan Cəfər Vəliyev fəaliyyətlərində yüksək məsuliyyəti və xalqa sədaqət nümunələrini məhz ulu öndərdən öyrəndiklərini vurğuladı. O, bundan sonra da müstəqil dövlətimizin inkişafı və möhkəmləndirilməsi yolunda Azərbaycan rəhbəri ilə bir olacağını bildirdi.