RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV “CİSCO SYSTEMS” ŞİRKƏTİNİN PREZİDENTİ CON ÇEMBERSİN RƏHBƏRLİK ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 29-da Prezident sarayında “Cisco Systems” şirkətinin Prezidenti Con Çembersin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dövlətimizin başçısı Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etdiyini, ümumi daxili məhsulun artım sürətinə görə ölkəmizin dünyada aparıcı yer tutduğunu vurğuladı.
Prezident İlham Əliyev iri xarici şirkətlərin, o cümlədən “Cisco Systems” şirkətinin Azərbaycana marağının getdikcə artmasını ölkəmizin uğurlu inkişafının göstəricisi olduğunu nəzərə çatdırdı.
Dövlətimizin başçısı ölkəmizin inkişafının hazırkı mərhələsində yeni texnologiyalara ehtiyac duyulduğunu və bu baxımdan “Cisco Systems” şirkətinin Azərbaycanda fəaliyyətinin uğurlu olacağına ümidvar olduğunu bildirdi.
Con Çembers Azərbaycanın əldə etdiyi uğurlara görə Prezident İlham Əliyevi təbrik etdi. Bu səfərinin ölkəmizlə yaxından tanış olmağa imkan yaratdığını bildirən qonaq “Cisco Systems”in Azərbaycanda fəaliyyət göstərəcək ilk texnologiya şirkəti olmasından məmnunluğunu söylədi. O, rəhbərlik etdiyi şirkətin ölkəmizlə əlaqələrinin daha da genişlənəcəyinə əminliyini vurğuladı.