RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV LUKOYL ŞİRKƏTİNİN PREZİDENTİ VAHİD ƏLƏKBƏROVUN RƏHBƏRLİK ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Prezident sarayında LUKoyl şirkətinin prezidenti Vahid Ələkbərovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Vahid Ələkbərov dövlətimizin başçısına müraciətlə dedi ki, cənab Prezident, icazə verin, “Azərbaycan - səxavətli diyarım” kitabını Sizə təqdim edim. Ölkənin, Azərbaycan cəmiyyətinin inkişafından, dəyərlərindən bəhs edən bu kitab LUKoyl şirkəti tərəfindən hazırlanmışdır və əminəm ki, bu nəşr digər belə kitabların işıq üzü görməsinə də təkan verəcəkdir.
Prezident İlham Əliyev belə qiymətli kitabın hazırlanmasına görə minnətdarlığını bildirərək dedi ki, sizin şirkət Azərbaycanda neft sənayesi ilə yanaşı, müxtəlif sahələrdə, o cümlədən xeyriyyəçilik işlərində, sosial sahədə də fəal iştirak edir. Şirkətiniz tərəfindən hazırlanmış dərin məzmunlu bu kitab Azərbaycan haqqında tam təəssüratın yaranmasına xidmət edir.
Vahid Ələkbərov dedi ki, bu gün biz Azərbaycan Dövlət Neft Akademiyasında olduq. Tələbələrdə biliyə, təhsilə böyük maraq, çiçəklənən Azərbaycanda yaşamağa böyük həvəs hiss etdim. Sizin səyləriniz, fəaliyyətiniz, ölkədə hər sahədə varisliyin olması, Azərbaycan xalqının gələcək inkişafı və firavanlığının təminatıdır.
Prezident İlham Əliyev vurğuladı ki, mühüm məqam ondan ibarətdir ki, gənclər yaxşı təhsil almadan uğur qazanmağın mümkün olmadığını dərk edirlər. Müasir şəraitdə, bazar iqtisadiyyatının mövcud olduğu bir dövrdə, geniş dünyagörüşü, bacarıq, bilik olmadan cəmiyyətdə layiqli yer tutmaq çətindir. Biz ölkədə təhsil sisteminin, xüsusilə orta məktəblərin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində böyük işlər görürük. Növbəti iki ildə bütün orta məktəblərdə kompüter sinifləri yaradılacaq və bunlar şagirdlərin müasir informasiyaya yiyələnməsi üçün internet sisteminə qoşulacaqdır.
Azərbaycanda şagirdlərin neft və qaz sənayesi ilə əlaqədar ali təhsil müəssisələrinə maraqlarının artmasının çox mühüm olduğunu vurğulayan Vahid Ələkbərov dedi ki, şirkətimiz zəngin təcrübəsi olan Azərbaycan Dövlət Neft Akademiyasında təhsil almaq üçün 20 nəfər iraqlı tələbəni Bakıya gətirmişdir.