RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV NORVEÇİN DÖVLƏT KATİBİ, NEFT VƏ ENERGETİKA NAZİRİNİN MÜAVİNİ ROBİN MARTİN KAASIN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR
Bakı, 2 iyun (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 2-də Norveçin dövlət katibi, neft və energetika nazirinin müavini Robin Martin Kaasın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Robin Martin Kaas XVI Beynəlxalq Xəzər neft-qaz sərgi və konfransında Norveçin siyasi səviyyədə iştirak etməsinin ölkəsi üçün çox mühüm olduğunu dedi. O bildirdi ki, bu beynəlxalq tədbirdə ölkələrin siyasi və sənaye nümayəndələri baxımından fəal iştirak etmələri Azərbaycanın neft və qaz sənayesində təkcə regionda deyil, beynəlxalq aləmdə mühüm rol oynadığının göstəricisidir. Robin Martin Kaas Xəzərdə neft-qaz hasilatının uğurlu nəticələri münasibətilə dövlətimizin başçısını təbrik etdi.
Beynəlxalq Xəzər neft-qaz sərgi və konfransının ilk illərdən başlayaraq təkcə Azərbaycan üçün deyil, dünyanın enerji sahəsində inkişafı baxımından xüsusi əhəmiyyətə malik olduğunu vurğulayan dövlətimizin başçısı, ötən 16 il ərzində keçirilən bütün konfransların önəmli olduğunu dedi. Beynəlxalq Xəzər neft-qaz sərgi və konfransının Azərbaycanın neft siyasətinin müxtəlif mərhələlərinin uğurla həyata keçirilməsini əks etdirdiyini deyən Prezident İlham Əliyev ötən dövrdə qarşıda duran bütün planların müvəffəqiyyətlə icra olunduğunu bildirdi.
Görüşdə Azərbaycan ilə Norveç arasında enerji sahəsində əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu.
######