RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV RUS SOYDAŞLAR BEYNƏLXALQ ŞURASI İDARƏ HEYƏTİNİN SƏDRİ, “YÜZİLLİYİN MESENATI” BEYNƏXALQ XEYRİYYƏ FONDU RƏYASƏT HEYƏTİNİN ÜZVÜ QRAF PYOTR ŞEREMETYEVİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Prezident sarayında Rus Soydaşlar Beynəlxalq Şurası idarə heyətinin sədri, “Yüzilliyin mesenatı” Beynəlxalq Xeyriyyə Fondu rəyasət heyətinin üzvü qraf Pyotr Şeremetyevi qəbul etmişdir.
Qraf Şeremetyev dövlətimizin başçısına müraciətlə dedi ki, mən ilk dəfədir Sizin gözəl şəhərinizdəyəm və burada olmaq mənim üçün xoşbəxtlikdir. Fransa Senatının prezidenti cənab Ponsöle dünən mənə zəng etdi, o, Sizin böyük dostunuzdur və Sizə ən səmimi salamlarını çatdırdı. Cənab Ponsöle Sizi Parisdə gözlədiyini bildirdi.
Prezident İlham Əliyev dedi ki, mən Parisə hər iki səfərim zamanı cənab Ponsöle ilə görüşmüşəm və onu Azərbaycana səfərə dəvət etmişəm. Ümid edirəm ki, burada, yaxud da Parisdə onunla yenidən görüşəcəyəm. Xahiş edirəm ki, mənim salamlarımı cənab Ponsöleyə çatdırasınız.
Bakıya səfərinin onda xoş təəssürat yaratdığını bir daha vurğulayan qonaq paytaxtımızdakı pravoslav kafedral kilsəsinin yenidən bərpa edilməsindən sevinc duyduğunu söylədi. Cənab Pyotr Şeremetyev Bakı şəhərində aparılan böyük tikinti işlərinin də diqqəti cəlb etdiyini bildirdi.
Azərbaycan haqqında dünyada və Avropada yetərincə məlumat olmadığını, ölkəmiz barədə həqiqətlərin daha geniş yayılmasının vacibliyini nəzərə çarpdıran Prezident İlham Əliyev dedi ki, Azərbaycan bütün sahələrdə uğurla inkişaf edir. Azərbaycanda müxtəlif millətlərin nümayəndələri yaşayır və onların arasında mehriban münasibətlər, dini və etnik tolerantlıq mövcuddur. Bu baxımdan Azərbaycan bir çox ölkələrə nümunə ola bilər.
İsmayıllı rayonundakı İvanovka kəndini misal gətirən dövlətimizin başçısı hökumət tərəfindən həmin kəndin əhalisinə göstərilən diqqət və qayğıdan bəhs etdi.
Cənab Pyotr Şeremetyev bütün bunları Azərbaycanın ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin siyasətinin uğurlu nəticəsi kimi dəyərləndirdi. Qonaq ümidvar olduğunu bildirdi ki, Azərbaycana yenidən səfər edəcəkdir.