RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV TÜRKİYƏ BAŞ NAZİRİNİN MÜAVİNİ, XARİCİ İŞLƏR NAZİRİ ABDULLAH GÜLÜN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 19-da Prezident sarayında Türkiyə Respublikası Baş nazirinin müavini, xarici işlər naziri Abdullah Gülün başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Abdullah Gül İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının 33-cü sessiyasına dost və qardaş Azərbaycanın ev sahibliyi etməsinin böyük əhəmiyyət daşıdığını vurğuladı. O dedi ki, cənab Prezident, Azərbaycana gəlmək, Sizinlə görüşmək, danışmaq bizim üçün hər zaman böyük şərəfdir və bundan məmnunluq duyuruq.
Prezident İlham Əliyev belə bir mötəbər tədbirin Azərbaycanda keçirilməsini yüksək qiymətləndirdi və dedi ki, sessiyada iştirak edən nazirlərin bəziləri Azərbaycana ilk dəfədir gəlmişlər. Bu, ölkəmizi tanımaq baxımından çox önəmlidir. Ümid edirəm, bu tədbir İslam Konfransı Təşkilatının fəaliyyətinə gözəl bir töhfə verəcəkdir. Biz bütün məsələlərdə səylərimizi birləşdirməliyik.