RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV TÜRKİYƏ CÜMHURİYYƏTİ SİLAHLI QÜVVƏLƏRİNİN BAŞ QƏRARGAH RƏİSİ ORDU GENERALI HİLMİ ÖZKÖKÜ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 29-da Prezident sarayında Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Hilmi Özkökü qəbul etmişdir.
Prezident İLHAM ƏLİYEV hörmətli qonağı səmimiyyətlə salamlayaraq, ən xoş arzularını bildirərək dedi ki, çox şadam ki, siz yenidən Azərbaycandasınız. Sizinlə olan çox gözəl, mehriban görüşlərimizi xatırlayıram. Bizim üçün şərəfdir ki, ölkələrimiz arasında olan münasibətlərə böyük dəstək verirsiniz. Türkiyə ilə Azərbaycan arasında əlaqələr çox yüksək səviyyədədir və günü-gündən möhkəmlənir. Müxtəlif beynəlxalq məsələlərdə birgə fəaliyyət göstəririk. Birgə həyata keçirdiyimiz çox önəmli beynəlxalq layihələr öz həllini tapır. Türkiyə-Azərbaycan dostluğu, birliyi, qardaşlığı bizim mövqelərimizi daha möhkəmləndirir. Bu sahədə silahlı qüvvələrin əməkdaşlığı da böyük əhəmiyyət daşıyır.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ötən bütün dövr ərzində biz həmişə Türkiyə Silahlı Qüvvələrinin dəstəyini hiss etmişik, yardımını görmüşük. Azərbaycanın peşəkar ordusunun formalaşmasında sizin böyük xidmətləriniz olubdur. Azərbaycan xalqı bunu həmişə çox böyük minnətdarlıq hissi ilə qeyd edir. Hörmətli Baş Qərargah rəisi, bu sahədə şəxsən sizin fəaliyyətiniz, xidmətləriniz çox dəyərli olub və biz bunu çox yüksək qiymətləndiririk. Ordu quruculuğu sahəsində Azərbaycanın uğurlarının səbəblərindən biri də türk qardaşlarımızın bizə dəstəyi və yardımıdır. Biz bir neçə gün bundan əvvəl Silahlı Qüvvələr gününü qeyd etmişdik. Orada Azərbaycan pilotları öz məharətlərini göstərdilər. Onlardan bir neçəsi Türkiyənin hərbi məktəblərində təhsil almışdır. Bu, əyani sübutdur ki, bizim əməkdaşlığımız Azərbaycanda ordu quruculuğunun inkişafında çox böyük əhəmiyyətə malikdir. Sizin böyük xidmətlərinizi nəzərə alıb, mən bu gün Sizi Azərbaycan dövlətinin yüksək mükafatı - “Şöhrət” ordeni ilə təltif etmişəm. İstəyirəm ki, bu yüksək mükafatı sizə təqdim edim.
Baş Qərargah rəisi ordu generalı Hilmi Özkök Azərbaycanın “Şöhrət” ordeninə layiq görüldüyü üçün Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirdi və bundan sonra da ölkələrimiz arasında əlaqələrin inkişafında səylərini əsirgəməyəcəyini söylədi.