RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ÜMUMÇİN XALQ NÜMAYƏNDƏLƏRİ MƏCLİSİ DAİMİ KOMİTƏSİ SƏDRİNİN MÜAVİNİ SYU SZYALUNUN RƏHBƏRLİK ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 13-də Prezident sarayında Ümumçin Xalq Nümayəndələri Məclisi Daimi Komitəsi sədrinin müavini Syu Szyalunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dövlətimizin başçısı keçən il Çin Xalq Respublikasına səfərini məmnuniyyətlə xatırlayaraq, səfər zamanı keçirilmiş görüşlərin Azərbaycan ilə Çin arasında müxtəlif sahələrdə münasibətlərin inkişafına mühüm töhfə verdiyini qeyd etdi. Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq etdiyini vurğulayan Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Çinin mövqeyini yüksək qiymətləndirdi. Dövlətimizin başçısı parlamentlərimiz arasındakı əlaqələrin əhəmiyyətinə toxunaraq, bu səfərin ölkələrimiz arasında mövcud olan dostluq münasibətlərini daha da möhkəmləndirəcəyinə əminliyini ifadə etdi.
Syu Szyalu Çin Xalq Respublikasının Sədri Hu Szintaonun, Ümumçin Xalq Nümayəndələri Məclisi Daimi Komitəsinin sədri və Çin Xalq Respublikası Baş nazirinin salamlarını Prezident İlham Əliyevə çatdırdı və Çin Xalq Respublikası Sədrinin məktubunu dövlətimizin başçısına təqdim etdi. O, ölkələrimiz arasındakı münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğuladı. Çin ilə Azərbaycanın ikitərəfli münasibətlərdə və beynəlxalq aləmdə bir-birinə dəstək verdiyini qeyd edən Syu Szyalu əlaqələrimizin bundan sonra da inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirdi.
Prezident İlham Əliyev Çin Xalq Respublikası rəhbərliyinin salamlarına görə minnətdarlığını bildirdi və onun da salamlarını Çinin rəhbərliyinə çatdırmağı xahiş etdi.