RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVƏ “BAKI-İSLAM MƏDƏNİYYƏTİNİN PAYTAXTI-2009” MƏDƏNİYYƏT İLİNİN EMBLEMİ TƏQDİM EDİLMİŞDİR
Bakı, 18 fevral (AZƏRTAC). İslam Ölkələri Elm, Təhsil və Mədəniyyət Təşkilatının (İSESKO) baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri Heydər Əliyev Sarayında keçirilən təntənəli açılış mərasimində “Bakı-İslam mədəniyyətinin paytaxtı-2009” mədəniyyət ilinin emblemini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etmişdir.
Prezident İlham Əliyev Bakının İslam mədəniyyətinin paytaxtı elan olunmasında həm İslam Konfransı Təşkilatının, həm də İSESKO-nun çox böyük rolu olduğunu vurğulayaraq demişdir ki, İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri Azərbaycanın böyük dostudur və onun fəaliyyəti hesabına İSESKO ilə Azərbaycan arasında əlaqələr çox yüksək səviyyədədir. Biz müxtəlif proqramlar həyata keçiririk. İSESKO-nun xətti ilə Azərbaycanda çoxsaylı tədbirlər keçirilir. Beləliklə, Azərbaycan ilə İSESKO arasında əlaqələr yeni yüksək pilləyə qalxıbdır. Bu, çox böyük əhəmiyyətə malik olan bir məsələdir.
İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri, İslam Konfransı Təşkilatının baş katibinin müavini Atta el-Manane Baxit mərasimdə çıxış etmişlər. Onlar qədim tarixi, zəngin mədəniyyəti olan Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi altında görülən işlərdən, ölkənin dinamik inkişafından, beynəlxalq əlaqələrindən söz açmış, tarixi abidələrin bərpası və digər mühüm işlərdə Heydər Əliyev Fondunun və onun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın fəaliyyətini yüksək qiymətləndirmişlər.
İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri “Bakı- İslam mədəniyyətinin paytaxtı-2009” mədəniyyət ilinin emblemini Prezident İlham Əliyevə təqdim etmişdir.
######