RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN KOREYA RESPUBLİKASINA DÖVLƏT SƏFƏRİ
PUSAN ŞƏHƏRİNDƏ YENİ DƏNİZ LİMANI İLƏ TANIŞLIQ
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Koreya Respublikasına dövlət səfərinin üçüncü günü, aprelin 25-də təxminən 3,7 milyon əhalisi olan Pusan şəhərinin yeni dəniz limanında olmuşdur.
Dövlətimizin başçısını Koreya Respublikasının Dəniz İşləri və Balıqçılıq Nazirliyinin Pusan yeni dəniz limanı üzrə rəhbəri Kvak İn Sup və limanın rəisi Sonq Moon Hun böyük hörmət və ehtiramla qarşıladılar.
Prezident İlham Əliyevə məlumat verildi ki, Koreyanın ikinci böyük şəhəri olan Pusanın dərin limanları, mülayim havası onun dünyanın üçüncü böyük liman şəhərinə çevrilməsinə imkan yaratmışdır. Bu bölgənin zəngin tarixi şəhərin turizm və incəsənətinin inkşafına da təkan vermişdir.
Pusan limanı Koreya yarımadasının şərqində yerləşir və Asiya qitəsi ilə Sakit okeanı birləşdirən qapıdır. Cənubi Koreyanın ümumi dənizlə ixrac yükləri daşımasının 40 faizi, konteyner yüklərinin 85 faizi və milli dəniz məhsullarının daşınmasının 40 faizi bu limanın payına düşür.
Bildirildi ki, bu limanın tərkibində Şimal, Cənub, Qamçeon və Dadepo limanları vardır. Şimal və Cənub limanları hər gün 125, Qamçeon və Dadepo limanları isə 34 gəmi qəbul edir. Bütovlükdə limanın anbarlarından 110 min, açıq havada isə 456 min ton yük saxlamaq mümkündür. Limanın 70 min tonluq konteyner terminalları var. İllik yük daşımalarının həcmi 91 milyon 40 min ton təşkil edir.
Azərbaycan Prezidenti İlham Əliyev limanı gəzdi, yüklərin qəbulu və məntəqələrə göndərilməsi qaydaları ilə tanış oldu. Dövlətimizin başçısı Azərbaycanda da müasir limanların tikilməsinə ehtiyac olduğunu vurğuladı, böyük təcrübəyə malik Cənubi Koreya şirkətlərinin Bakıda yeni limanın tikintisində iştirak etməsindən məmnunluğunu bildirdi.