İQTİSADİYYAT
Azərbaycan qazının Avropaya çatdırılmasında İtaliya heç də son hədəf deyildir
Bakı, 30 iyun (AZƏRTAC). Azərbaycan qazının Avropaya çatdırılmasında İtaliya heç də son hədəf deyildir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev demişdir.
Nazir qeyd etmişdir ki, Trans-Adriatik Pipeline (TAP) layihəsi İtaliya, Albaniya, Yunanıstan hökumətlərinin dəstəyini qazanmış və buna aid müvafiq hökumətlərarası saziş imzalanmışdır. TAP layihəsində iştirak edən İsveçrənin “Axpo”, Norveçin “Statoil” və Almaniyanın “E.ON Ruhrgas” şirkətlərinin fikrincə, İtaliya heç də hədəf bazar deyil və “Şahdəniz” qazının İtaliyadan Avstriyaya, İsveçrəyə, Almaniyaya və digər ölkələrə çatdırılması nəzərdə tutulmuşdur.
Bundan əlavə, bu yaxınlarda Brüsseldə Albaniya, Bosniya və Herseqovina, Xorvatiya, Yunanıstan, İtaliya, Monteneqro, Serbiya və Sloveniya Adriatika-İonika Şurasının XV toplantısının yekunu olaraq bəyannamə qəbul etmişlər və tərəflər regional enerji layihələri arasında ilk növbədə TAP-a xüsusi dəstək verəcəklərini vəd etmişlər.
Bu baxımdan enerji ehtiyatlarının daşınması, nəqliyyat infrastrukturunun yaradılması və gücünün artırılması, Avropanın nəqliyyat sisteminə və şəbəkəsinə inteqrasiyasını nəzərdə tutan layihələr, xüsusilə TANAP (Trans-Anadolu qaz kəməri) və TAP layihələri, Avropa İttifaqı tərəfindən dəstəklənən Yunanıstan-Bolqarıstan, Bolqarıstan-Rumıniya və Rumıniya-Macarıstan qaz şəbəkələrini birləşdirən layihələr də böyük əhəmiyyət daşıyır.