SİYASƏT
AZƏRBAYCAN QƏHRƏMANLARINI UNUTMUR
Qrizodubovlar ailəsinin xatirə ev-muzeyi xarkovlu aviatorların və kosmonavtların yeganə muzeyidir. S.Qrizodubov bu şəhərin çox məşhur aviakonstruktoru və təyyarəçisi, V.Qrizodubova isə əfsanəvi təyyarəçi və Sovet İttifaqı Qəhrəmanı olmuşdur. Buna görə də, Xarkovun “Dostluq” Azərbaycan-Ukrayna Dostluğu Cəmiyyəti Azərbaycanın Milli Qəhrəmanı V.Seryoginə həsr olunmuş sərgini məhz bu muzeydə təşkil etmək qərarına gəlmişdir. Sərginin stendlərində qəhrəmanın Qızıl Ulduzu, şəxsi əşyaları, fotoşəkillər, fotoalbomlar, Xəzər üzərində uçan vertalyotun əksi toxunmuş balaca xalça yerləşdirilmişdir.
Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyev V.Seryoginin və onun dostları Səfa Axundovun və Ərəstun Mahmudovun hünərindən ətraflı söhbət açmış, əmin olduğunu bildirmişdir ki, ölkəmizin erməni işğalçıları tərəfindən zəbt edilmiş torpaqları azad olunduqdan sonra, Azərbaycan musiqisinin beşiyi olan Şuşa şəhərində qəhrəmanlarımıza abidə ucaldılacaqdır.
“Dostluq” cəmiyyətinin sədri, professor Murad Ömərov bildirmişdir ki, Azərbaycanın Milli Qəhrəmanı V.Seryoginin 1944-1965-ci illərdə yaşadığı binaya xatirə lövhəsi vurulması barədə məsələ Xarkov şəhər hakimiyyəti ilə razılaşdırılmışdır.
Xarkov vilayət və şəhər icra aparatlarının nümayəndələri V.Karvatskaya və M.Yeqorova Azərbaycan diasporunun vilayət və şəhərdə, eləcə də Azərbaycan və Ukrayna arasında əlaqələrin qorunmasında oynadığı roldan danışmışlar. Qəhrəmanın həyat yoldaşı Qalina Mixaylovna Seryogina ərinin xatirəsini əziz tutduqlarına və ailəsinə göstərilən qayğıya görə Azərbaycan xalqına səmimi təşəkkürünü bildirmişdir.