İQTİSADİYYAT
Azərbaycan regionlarının inkişafında yeni mərhələ başlayır
Bakı, 7 fevral (AZƏRTAC). Fevralın 7-də İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə Şəmkirdə “Azərbaycan regionları yeni inkişaf mərhələsində” mövzusunda tədbir keçirilmişdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə çıxış edən sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov Azərbaycan Prezidentinin bölgələrin inkişafına böyük diqqət və qayğı göstərdiyini, regionların sosial-iqtisadi inkişafının əsas prioritetlərdən olduğunu qeyd etmişdir. Bildirilmişdir ki, bununla bağlı iki dövlət proqramının icrası uğurla başa çatmışdır. Nəticədə iqtisadiyyatın bütün sahələri, xüsusən qeyri-neft sektoru daha da inkişaf etmiş, ölkə iqtisadiyyatına investisiya qoyuluşu artmış, sahibkarlıq fəaliyyəti genişlənmiş, regionlarda yeni müəssisələr və iş yerləri açılmışdır.
Tədbirdə bu siyasətin qarşıdakı illərdə də davam etdiriləcəyi diqqətə çatdırılmışdır. Vurğulanmışdır ki, 2014-2018-ci illəri əhatə edəcək Dövlət Proqramı regionların inkişafında yeni mərhələ olacaqdır.
Çıxış edənlər Azərbaycanda özəl bölmənin inkişafına göstərilən diqqət və qayğıdan söhbət açmış, ölkədə istehsal olunan məhsulların ənənəvi və yeni bazarlara ixrac imkanları, elmi təminat və kadr potensialının gücləndirilməsi və sahibkarların maarifləndirilməsi tədbirləri barədə məlumat vermişlər.