Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASI ƏHALİSİNİN DÖVLƏT REGİSTRİNİN APARILMASI QAYDASI HAQQINDA ƏSASNAMƏ

Azərbaycan Respublikası Prezidentinin

2004-cü il 14 oktyabr tarixli

Fərmanı ilə təsdiq edilmişdir.

I. Ümumi müddəalar

1. Bu Əsasnamə Azərbaycan Respublikası Prezidentini "Azərbaycan Respublikası Əhalisinin Dövlət Regestrinin yaradılması haqqında" 2004-cü il 21 fevral tarixli 35 nömrəli fərmanına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Əhalisinin Dövlət Regestrinin (bundan sonra - "Dövlət Registri") tərtib edilməsi, aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir.

2. Dövlət Registri Azərbaycan Respublikasının bütün vətəndaşları, habelə Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barədə məlumatı əks etdirən dövlət məlumat bankıdır.

3. Dövlət Registri və onun idarə edilməsini həyata keçirən proqram təminatı Azərbaycan Respublikasının mülkiyyətidir.

4. Dövlət Registri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Registri Xidməti (bundan sonra - "Dövlət Registri Xidməti") tərəfindən aparılır.

5. Dövlət Registrinin aparılmasında məqsəd əhalinin yerləşməsi və tərkibi, miqrasiyanın dairəsi və istiqaməti, demoqrafiya məsələlərinə, eləcə də digər məsələlərə dair məlumatlar toplamaq, onları təzələmək, müvafiq hallarda bu Əsasnamə ilə və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada dövlət orqanlarını və fiziki şəxsləri həmin məlumatlarla təmin etməkdir.

6. Dövlət Registri dövlət büdcəsi hesabına maliyyələşdirilir.

II. Dövlət Registrinin

təritib edilməsi qaydaları

7. Dövlət Registrindəki məlumatlara əsasən, Azərbaycan Respublikası vətəndaşlarının, habelə Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərin və vtəndaşlığı olmayan şəxslərin yaşayış yeri və olduğu yer üzrə qeydiyyatı, eləcə də vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı barədə məlumatlar əsasında tərtib olunur və daim təzələnir.

8. Dövlət Registrinin tamlığını təmin etmək üçün Dövlət Registrinin səlahiyyət dairəsinə daxil olan bütün məlumatlar Azərbaycan Respublikası, Daxili İşlər Nazirliyinin ərazi polis orqanlarının qeydiyyat və şəxsiyyət vəsiqəsi bölmə və şöbələri və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları tərəfindən Dövlət Registrinə ötürülməlidir.

9. Dövlət Registrinə Azərbaycan Respublikasının vətəndaşları, habelə Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında aşağıdakı məlumatlar daxil edilir:

9.1. fərdi eyniləşdirmə nömrəsi;

9.2. soyadı;

9.3. adı;

9.4. atasının adı;

9.5. doğulduğu tarix;

9.6. doğulduğu yer;

9.7. cinsi;

9.8. vətəndaşlığı;

9.9. yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında;

9.10. ailə vəziyyəti;

9.11. ərin (arvadın) fərdi eyniləşdirmə nömrəsi, soyadı, adı, atasının adı, doğulduğu tarix, doğulduğu yer, vətəndaşlığı;

9.12. valideynlərin fərdi eyniləşdirmə nömrəsi, soyadı, adı, atasının adı, doğulduğu tarix, doğulduğu yer, vətəndaşlığı;

9.13. uşaqların fərdi eyniləşdirmə nömrəsi, soyadı, adı, atasının adı, doğulduğu tarix, doğulduğu yer, vətəndaşlığı;

9.14. şəxsiyyəti təsdiq edən sənədin nömrəsi (o cümlədən, 16 yaşına çatmamış şəxsin doğum haqqında şəhadətnaməsinin nömrəsi);

9.15. yaşayış yeri və olduğu yer üzrə qeydiyyatdan çıxarılması haqqında;

9.16. ölüm tarixi.

10. Dvölət Registrindəki məlumatlar həmişəlik saxlanılır və heç bir halda məhv edilə bilməz.

11. Dövlət Registrinin tərtib edilməsi, aparılması və istifadə edilməsi informasiya texnologiyaları əsasında xüsusi məlumatötürmə sistemi və ya elektron məlumat daşıyıcıları vasitəsilə həyata keçirilir.

12. Dövlət Registrinin məlumat bankının idarə olunması məlumatların avtomatlaşdırılmış qaydada daxil edilməsini, redaktəsini, saxlanılmasını, mühafizəsini, həmçinin sorğu əsasında əldə edilməsini həyata keçirməyə imkan verən xüsusi proqram təminatı vasitəsilə təmin olunur.

III. Dövlət Registrinin

aparılması qaydaları

13. Azərbaycan Respublikası vətəndaşlarının, habelə Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yaşayış yeri və olduğu yer üzrə qeydiyyatını, eləcə də vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını həyata keçirən orqanlar tərəfindən bütün məlumatlar hər gün xüsusi məlumatötürmə sistemi vasitəsilə Dövlət Registrinin məlumat bankına göndərilir.

14. Dövlət Registrinə məlumatların daxil edilməsi onların birmənalı fərqləndirilməsinə, təkrara yol verilməməsinə və səmərəli istifadə edilməsinə imkan yaradan fərdi eyniləşdirmə nömrəsi əsasında aparılır.

15. Fərdi eyniləşdirmə nömrəsi təkrar olunmur və dəyişilmir. Fərdi eyniləşdirmə nömrəsinin verilməsi avtomatlaşdırılmış rejimdə xüsusi proqram təminatı vasitəsilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada həyata keçirilir.

16. Dövlət Registrinə barəsində məlumat daxil edilən bütün şəxslərə dərhal fərdi eyniləşdirmə nömrəsi verilir. Şəxsin müraciəti əsasında ona bu haqda çıxarış təqdim oluna bilər.

17. Dövlət Registrinə daxil edilmiş hər hansı məlumatda dəyişikliklər baş verdiyi halda bu dəyişikliklərin məlumat bankına daxil edilməsi üçün səlahiyyətli dövlət orqanları tərəfindən eyniləşdirmə nömrəsi göstərməklə Dövlət Registri Xidmətinə hər gün məlumat ötürülməlidir.

18. Dövlət Registri Xidmətinə dəyişikliklər barədə məlumatlar daxil olduqdan sonra Dövlət Registrində müvafiq qeydlər aparılır.

19. Dövlət Registrinə Azərbaycan Respublikası vətəndaşlarının, habelə Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yaşayış yeri və olduğu yer üzrə qeydiyyatı, eləcə də vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı barədə müvafiq səlahiyyətli orqanlardan daxil olan məlumatların sənədlərlə uyğunluğu Dövlət Registrinə məlumat ötürən orqanlar tərəfindən yoxlanılmaıdır.

IV. Dövlət Registrindəki

məlumatların mühafizəsi

20. Dövlət Registrində saxlanılan məlumatlar əldə olunması, işlənməsi, verilməsi və ya istifadəsi məhdudlaşdırılan informasiya kateqoriyasına aid edilir.

21. Dövlət Registrinin istifadəçiləri məlumat bankına daxil edilmiş informasiyanın qorunması və onlara bəlli olan məlumatların yayılması üçün Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.

V. Dövlət Registrinin məlumat bankından informasiyanın

verilməsi qaydaları

22. Dövlət Registrinin istifadəçiləri - öz səlahiyyətlərinə uyğun olaraq Dövlət Registrinin məlumatlarından istifadə edən dövlət orqanları, Azərbaycan Respublikasının vətəndaşları, habelə Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərdir.

Dövlət Registrinin məlumatlarından istifadə edən dövlət orqanlarının siyahısı Azərbaycan Respublikasının Prezident tərəfindən təsdiq edilir.

23. Dövlət Registrində olan məlumatlar Dövlət Registri Xidməti tərəfindən verilir.

24. Bu Əsasnamənin 22-ci bəndində göstərilən Dövlət Registrinin istifadəçiləri Dövlət Registrində olan məlumatları əldə etmək üçün Dövlət Registri Xidmətinə yazılı surətdə müraciət edirlər. Məlumat almaq üçün fiziki şəxslər onların şəxsiyyətini təsdiq edən sənədi (şəxsiyyət vəsiqəsi, pasport və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq digər sənədlər) təqdim etməlidirlər.

25. Azərbaycan Respublikası vətəndaşlarının, habelə Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Dövlət Registrində yalnız özləri haqqında olan məlumatlarla sərbəst tanış olmaq, çatışmazlıqlar aşkar olunduğu halda müvafiq düzəlişlərin edilməsi üçün ərizə ilə müraciət etmək, habelə "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə müvafiq olaraq bu məlumatlardan kimlərin və hansı məqsədlə istifadə etdiyini bilmək hüququ vardır.

26. Barəsində sorğu verilmiş məlumat (və ya məlumatın verilməsindən imtina haqqında əsaslandırılmış cavab) 10 gün ərzində verilməlidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin