Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASI FÖVQƏLADƏ HALLAR NAZİRLİYİNİN FƏALİYYƏTİNİN TƏŞKİL EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin fəaliyyətini təşkil etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Təcili Xilasetmə Xidmətinin fəaliyyətinin təmin edilməsi məqsədi ilə “112” qaynar telefon xətti təşkil edilsin.

2. Fövqəladə halların yaranma ehtimalı böyük olduqda, yaxud baş verdikdə təbii, texnogen, yanğın və terror təhlükələrinə məruz qala bilən strateji əhəmiyyətli müəssisələrin, qurğuların və digər obyektlərin mühafizəsini təşkil etmək məqsədi ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbiləşdirilmiş xüsusi mühafizə xidməti yaradılsın.

3. “Xəzər İxtisaslaşdırılmış Hövzə Qəza-Xilasetmə” Açıq Tipli Səhmdar Cəmiyyətinin balansında olan gəmi yanalma körpüləri və gəmilər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin tabeliyinə verilsin.

4. “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası

Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 11 noyabr tarixli 206 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, №11, maddə 622; 2002-ci il, №8, maddə 478; 2005-ci il, №4, maddə 299) 2-ci bəndinin dördüncü abzasında “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi (Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi)” sözlərindən sonra “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi” sözləri və “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 507 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, №6, maddə 405; 2002-ci il, №8, maddə 478; 2003-cü il, №10, maddə 585; 2004-cü il, №1 maddə 19; 2005-ci il, №4, maddə 299) 1-ci bəndində “vergilər” sözündən sonra “fövqəladə hallar” sözləri əlavə edilsin.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

5.1. bu Fərmanın 3-cü bəndində nəzərdə tutulmuş gəmilərin siyahısını təsdiq etsin;

5.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

6. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 fevral 2006-cı il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin