SİYASƏT
AZƏRBAYCAN RESPUBLİKASI İLƏ KOREYA RESPUBLİKASI ARASINDA ƏLAQƏLƏR YÜKSƏK SƏVİYYƏDƏDİR
Bakı, 25 noyabr (AZƏRTAC). Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirmişlər ki, noyabrın 25-də nazir Elmar Məmmədyarov Koreya Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiri Li Ci-Han ilə görüşmüşdür.
Etimadnaməsinin surətini nazirə təqdim edən Li Ci-Han Azərbaycanda səfir təyin olunmasından məmnunluğunu bildirmişdir. Diplomat fəaliyyəti dövründə Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında iqtisadi, siyasi, mədəni, təhsil, mətbuat və digər sahələrdə əlaqələrin inkişafına və genişlənməsinə xidmət edəcəyini və bunun üçün böyük potensialın olduğunu demişdir.
Səfir Li Ci-Hanı yeni təyinatı münasibətilə təbrik edən nazir E.Məmmədyarov ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu və Azərbaycan-Koreya əlaqələrinin intensivləşdirilməsi üçün mövcud geniş imkanlardan daha səmərəli şəkildə istifadə olunmasının məqsədəmüvafiqliyini qeyd etmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.