Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması ilə bağlı tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycanda ünvan reyestri sisteminin yaradılması çərçivəsində mövcud olan və yeni salınan nəqliyyat infrastrukturu obyektlərində yerləşdirilmək üçün ünvan adlarını və nömrələrini əks etdirən lövhələrin hazırlanması və quraşdırılması məqsədi ilə qərara alıram:

1. Azərbaycanda ünvan reyestri sisteminin yaradılması çərçivəsində mövcud olan və yeni salınan küçə, prospekt, meydan və digər nəqliyyat infrastrukturu obyektlərində yerləşdirilmək üçün ünvan adlarını və nömrələrini əks etdirən müasir dizaynlı lövhələrin hazırlanması və quraşdırılması ilə əlaqədar işlərin cari ildə başlanmasını təmin etmək üçün Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə 4,0 (dörd) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 iyul 2012-ci il.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin