AZƏRBAYCAN RESPUBLİKASININ BƏZİ QANUNVERİCİLİK AKTLARINA DƏYİŞİKLİKLƏR VƏ ƏLAVƏLƏR EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
I. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 8, maddə 484; 2001-ci il, № 3, maddə 143, № 11, maddələr 676, 687, № 12, maddə 731; 2002-ci il, № 5, maddə 241, № 6, maddə 328; 2004-cü il, № 2, maddə 57, № 3, maddə 133, № 7, maddə 507) aşağıdakı məzmunda 39-1-ci maddə əlavə edilsin:
“Maddə 39-1. Uşaqların baxımsızlığının və hüquq pozuntularının
profilaktikası
Dövlət qanunvericiliklə müəyyən edilmiş qaydada uşaqların baxımsızlığının və hüquq pozuntularının profilaktikasını həyata keçirir.”.
II. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 8, maddə 477; 2001-ci il, № 11, maddə 687, № 12, maddələr 731, 736; 2002-ci il, № 5, maddə 241, № 6, maddə 328) 5-ci maddəsinə aşağıdakı məzmunda yeddinci hissə əlavə edilsin:
“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların bir təhsil müəssisəsindən digərinə keçirilməsinə, ümumi əsas təhsil alana qədər təhsilin formasının dəyişdirilməsinə, habelə onların istənilən təhsil müəssisəsindən kənar edilməsinə yalnız qəyyumluq və himayə orqanlarının razılığı əsasında yol verilir.”.
III. “Polis haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 11, maddə 611; 2001-ci il, № 11, maddə 699, № 12, maddə 731; 2002-ci il, № 3, maddə 118, № 6, maddə 328; 2003-cü il, №1, maddə 22, № 8, maddə 424; 2004-cü il, № 2, maddə 57, № 3, maddə 133) aşağıdakı əlavələr və dəyişiklik edilsin:
1. 3-cü maddənin II hissəsinə aşağıdakı məzmunda 2-1-ci bənd əlavə edilsin:
“2-1) yetkinlik yaşına çatmayanların hüquq pozuntularının qarşısının alınması sahəsində fəaliyyət göstərmək.”;
2. 13-cü maddənin I hissəsinə aşağıdakı məzmunda 6-1-ci bənd əlavə edilsin:
“6-1) yetkinlik yaşına çatmayanların hüquq pozuntularının qarşısının alınmasına yönəldilmiş tədbirlər həyata keçirmək;”;
3. Qanuna aşağıdakı məzmunda 15-1-ci və 19-1-ci maddələr əlavə edilsin:
“Maddə 15-1. Yetkinlik yaşına çatmayanların hüquq pozuntularının
qarşısının alınması sahəsində polis əməkdaşının vəzifələri
Yetkinlik yaşına çatmayanların hüquq pozuntularının qarşısının alınması sahəsində polis əməkdaşının vəzifələri aşağıdakılardır:
1) yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq
pozuntularının profilaktikası haqqında qanunvericilikdə göstərilmiş yetkinlik yaşına çatmayanlar, habelə onların tərbiyəsi, təhsili və saxlanması üzrə öz vəzifələrini yerinə yetirməyən və ya onların davranışına mənfi təsir göstərən, yaxud onlarla qəddar rəftar edən valideynlər və ya digər qanuni nümayəndələr barəsində profilaktik iş aparmaq;
2) yetkinlik yaşına çatmayanların qapalı tipli xüsusi təlim-tərbiyə
müəssisəsinə göndərilməsi barədə məhkəmənin qərarını yetkinlik yaşına çatmayanın qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə çatdırılması hissəsində icra etmək;
3) inzibati məsuliyyətə və ya cinayət məsuliyyətinə cəlb olunması üçün
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş yaş həddinə çatmamış yetkinlik yaşına çatmayanlar tərəfindən ictimai təhlükəli əməllərin törədilməsi, habelə yetkinlik yaşına çatmayanların tərbiyəsi, təhsili və saxlanılması üzrə öz vəzifələrini yerinə yetirməyən və ya lazımınca yerinə yetirməyən valideynlər və ya digər qanuni nümayəndələr, yaxud vəzifəli şəxslər barəsində müraciətlərə öz səlahiyyətləri daxilində baxmaq;
4) müvafiq dövlət orqanlarına və müəssisələrə yetkinlik yaşına
çatmayanların baxımsızlığına, qanunazidd əməllər törətməsinə imkan yaradan səbəb və hallar barədə məlumat vermək.”;
“Maddə 19-1. Yetkinlik yaşına çatmayanların hüquq pozuntularının
qarşısının alınması sahəsində polis əməkdaşının
hüquqları
Yetkinlik yaşına çatmayanların hüquq pozuntularının qarşısının alınması sahəsində polis əməkdaşının aşağıdakı hüquqları vardır:
1) yetkinlik yaşına çatmayanları cinayətkar fəaliyyətə, fahişəliyə və ya digər əxlaqsız əməllərə cəlb etmiş, yaxud yetkinlik yaşına çatmayanlar barəsində digər qanunazidd əməllər törətmiş şəxsləri, habelə yetkinlik yaşına çatmayanların tərbiyəsi, təhsili və saxlanılması üzrə öz vəzifələrini yerinə yetirməyən və ya lazımınca yerinə yetirməyən valideynləri və ya digər qanuni nümayəndələri, vəzifəli şəxsləri aşkar etmək, onlar barəsində öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş tədbirlər görmək;
2) yetkinlik yaşına çatmayanlar tərəfindən hüquq pozuntularının törədilməsinə şərait yaradan səbəb və halların aradan qaldırılması üzrə öz səlahiyyətləri daxilində tədbirlər görmək, bu barədə müvafiq dövlət orqanlarına, idarə, təşkilat və müəssisələrə təkliflər vermək;
3) hüquq pozuntuları törətmiş yetkinlik yaşına çatmayanlar barəsində, habelə onların tərbiyəsi, təhsili və saxlanılması üzrə öz vəzifələrini yerinə yetirməyən və ya lazımınca yerinə yetirməyən və ya onların tərbiyəsinə mənfi təsir göstərən, yaxud onlarla qəddar rəftar edən valideynlər və ya digər qanuni nümayəndələr, yaxud vəzifəli şəxslər barəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada tədbirlər görmək, habelə müvafiq təsir tədbirlərinin tətbiq edilməsi haqqında müvafiq dövlət orqanlarına təkliflər vermək;
4) qanunla müəyyənləşdirilmiş hallarda və qaydada məhkəmənin qərarına əsasən yetkinlik yaşına çatmayan şəxsi saxlamaq və yetkinlik yaşına çatmayanlar üçün müvəqqəti təcridetmə mərkəzinə gətirmək, habelə qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsini icazəsiz tərk etmiş yetkinlik yaşına çatmayan şəxsin müəssisəyə qaytarılması üçün tədbirlər görmək.”;
4. 18-ci maddənin 9-cu bəndi çıxarılsın.
IV. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 4, II kitab, maddə 251, № 5, maddə 323, № 12, maddə 835; 2001-ci il, № 1, maddə 24, № 7, maddə 455; 2002-ci il, № 1, maddə 9, № 5, maddələr 236, 248, 258, № 6, maddə 326, № 8, maddə 465; 2003-cü il, № 6, maddələr 276, 279, № 8, maddələr 424, 425, № 12, I kitab, maddə 676; 2004-cü il, № 1, maddə 10, № 4, maddə 200, № 5, maddə 321, № 8, maddə 598, № 10, maddə 762, № 11, maddə 900; 2005-ci il, № 1, maddə 3, № 6, maddə 462, № 7, maddə 575; Azərbaycan Respublikasının 2005-ci il 20 sentyabr tarixli 991-IIQD nömrəli və 30 sentyabr tarixli 1020-IIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:
1. 89.2-ci maddədə:
1.1. birinci cümlədə “təlim-tərbiyə” sözləri “qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsində” sözləri ilə əvəz edilsin;
1.2. ikinci cümlə aşağıdakı redaksiyada verilsin:
“Bu halda yetkinlik yaşına çatmayan göstərilən müəssisədə on səkkiz yaşına çatana qədər, lakin üç ildən artıq olmamaq şərti ilə saxlanılır.”;
2. 89.3-cü maddə aşağıdakı redaksiyada verilsin:
“89.3. Yetkinlik yaşına çatmayan islah olunduqda və bununla bağlı qeyd edilən tədbirin tətbiqinə zərurət aradan qalxdıqda, qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinin və ya tibbi-tərbiyə müəssisəsinin müdiriyyətinin və yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın birgə təqdimatına əsasən məhkəmə yetkinlik yaşına çatmayanın vaxtından əvvəl həmin müəssisədən buraxılması haqqında qərar qəbul edə bilər.”.
V. Azərbaycan Respublikasının 2002-ci il 31 may tarixli 336-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə”yə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 7, maddə 388) aşağıdakı əlavələr edilsin:
1. 5-ci maddənin birinci hissəsinin 2-ci bəndinə “baxımsızlığının” sözündən sonra “və kimsəsizliyinin” sözləri, “icrasına nəzarət etmək” sözlərindən sonra “, yetkinlik yaşına çatmayanların hüquq pozuntularının profilaktikasını həyata keçirən orqan və müəssisələrin fəaliyyətini əlaqələndirmək;” sözləri əlavə edilsin;
2. 5-ci maddənin birinci hissəsinə aşağıdakı məzmunda 27-ci bənd əlavə edilsin:
“27) cəzaçəkmə müəssisəsindən, açıq və ya qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrindən buraxılmış yetkinlik yaşına çatmayanlar üçün əmək və məişət şəraitinin yaradılmasında onlara yardım göstərmək, dövlət yardımına ehtiyacı olan yetkinlik yaşına çatmayanları müəyyən etmək və onlara yardım göstərmək, yetkinlik yaşına çatmayanların sosial reabilitasiyası üzrə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər funksiyaları həyata keçirmək.”;
3. 6-cı maddənin birinci hissəsinin 1-ci bəndinə “baxımsızlığının” sözündən sonra “, kimsəsizliyinin” sözü, “yerli komissiyaların” sözlərindən sonra “, habelə yetkinlik yaşına çatmayanların hüquq pozuntularının profilaktikasını həyata keçirən orqan və müəssisələrin” sözləri əlavə edilsin;
4. 7-ci maddənin birinci hissəsinin 1-ci bəndinə “baxımsızlığının” sözündən sonra “, kimsəsizliyinin” sözü, “yerli komissiyaların” sözlərindən sonra “, habelə yetkinlik yaşına çatmayanların hüquq pozuntularının profilaktikasını həyata keçirən orqan və müəssisələrin” sözləri əlavə edilsin;
5. 9-cu maddənin birinci hissəsinin 6-cı bəndinə “yaş həddinə çatmamış” sözlərindən sonra “, habelə müxtəlif hüquqpozmalara və əxlaqsız həyat tərzi keçirməyə görə daxili işlər orqanlarında profilaktiki qeydiyyatda olan, lakin islah olunması mümkün olmayan” sözləri əlavə edilsin.
VI. “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 681) aşağıdakı əlavələr və dəyişikliklər edilsin:
1. 13.7.1-ci maddədə “göndərişlərinin” sözündən sonra, 13.9.1-ci maddədə “göndərişlərini” sözündən sonra “(yetkinlik yaşına çatmayanın müdafiəçisi və ya qanuni əsaslarla ona hüquqi yardım göstərən digər şəxslər ilə yazışmaları istisna olmaqla)” sözləri əlavə edilsin;
2. 16.1.2-ci maddədən “yetkinlik yaşına çatmayanlara psixiatriya yardımı göstərən” sözləri çıxarılsın.
VII. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 30 dekabr 2005-ci il.