AZƏRBAYCAN RESPUBLİKASININ BƏZİ QANUNVERİCİLİK AKTLARINA DƏYİŞİKLİKLƏR VƏ ƏLAVƏLƏR EDİLMƏSI BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
I. "Ədliyyə işçilərinin rütbə dərəcələri haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994-cü il, N16, maddə 208; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, N11, maddə 685; 2004-cü il, N8, maddə 597) qüvvədən düşmüş hesab edilsin.
II. "Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, N10, maddə 569; 2001-ci il, N12, maddə 736; 2005-ci il, N8, maddə 692) 2-ci maddəsində "müstəntiqlər," sözündən sonra "ədliyyə orqanlarında qulluq keçən şəxslər," sözləri əlavə edilsin, ", habelə cinayət işləri üzrə məhkəmə hökmlərini, qərarlarını və qərardadlarını, istintaq orqanlarının və prokurorların qərarlarını icra edən" sözləri çıxarılsın.
III. "Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, N1, maddə 7; 2004-cü il, N2, maddə 57, N3, maddə 133) aşağıdakı dəyişikliklər edilsin:
1. 11-ci maddənin 4-cü hissəsində "rütbə dərəcələri" sözləri "xüsusi rütbələr" sözləri ilə əvəz edilsin;
2. 39-cu maddənin 2-ci hissəsində "rütbə" sözü" xüsusi rütbələrinə" sözləri ilə əvəz edilsin.
IV. "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, N1, maddə 9; 2005-ci il, N4, maddə 292, N10, maddə 874) aşağıdakı dəyişikliklər edilsin:
1. Aşağıdakı məzmunda 29.3-cü maddə əlavə edilsin:
"29.3. Müvafiq icra hakimiyyəti orqanı qüvvədə olan normativ xarakterli aktın və ya mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktının onlardan daha yüksək hüquqi qüvvəsi olan normativ hüquqi aktlara zidd olduğunu müəyyən etdikdə həmin akta dəyişikliklər edilməsi və ya onun qüvvədən düşmüş hesab edilməsi barədə onu qəbul etmiş orqana müraciət edir. Daha yüksək qüvvəsi olan normativ hüquqi aktlara zidd olan yerli özünüidarə orqanlarının normativ xarakterli aktlarına dəyişikliklər edilməsi və ya onların qüvvədən düşmüş hesab edilməsi barədə müvafiq orqanlara müraciət "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir.".
2. 38.4-cü maddə aşağıdakı redaksiyada verilsin:
"38.4. Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları, yerli icra hakimiyyəti orqanlarının, Azərbaycan Respublikası Milli Bankının və Milli Televiziya və Radio Şurasının normativ xarakterli aktları müvafiq icra hakimiyyəti orqanı tərəfindən rəsmi nəşr sayılan "Azərbaycan Respublikasının normativ aktlarının bülleteni"ndə dərc olunur. Yerli özünüidarə orqanlarının normativ xarakterli aktları müvafiq icra hakimiyyəti orqanı tərəfindən rəsmi nəşr sayılan "Yerli özünüidarə orqanlarının normativ aktlarının bülleteni"ndə dərc olunur.";
3. 51.1-ci maddədə "müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının və Azərbaycan Respublikası Milli Bankının normativ aktları" sözləri "mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları, yerli icra hakimiyyəti və yerli özünüidarə orqanlarının, Azərbaycan Respublikası Milli Bankının, Milli Televiziya və Radio Şurasının normativ xarakterli aktları" sözləri ilə əvəz edilsin.
V. "Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, N1, maddə 18; 2001-ci il, N11, maddə 687, N12, maddə 731; 2003-cü il, N1, maddə 23; 2004-cü il, N2, maddə 57, N3, maddə 133) aşağıdakı dəyişikliklər edilsin:
1. 4-cü maddənin üçüncü hissəsinin birinci cümləsində "rütbə dərəcələri" sözləri "xüsusi rütbələr" sözləri ilə, ikinci cümləsində "rütbə dərəcələrinin" sözləri "xüsusi rütbələrin" sözləri ilə əvəz edilsin;
2. 12-ci maddənin birinci hissəsində "rütbə dərəcəsi" sözləri "xüsusi rütbəyə" sözləri ilə əvəz edilsin.
VI. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 10 oktyabr 2006-cı il.