AZƏRBAYCAN RESPUBLİKASININ BƏZİ QANUNVERİCİLİK AKTLARINAƏLAVƏLƏR VƏ DƏYİŞİKLİK EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASININQANUNU
I. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 4, II kitab, maddə 251, № 5, maddə 323, № 12, maddə 835; 2001-ci il, № 1, maddə 24, № 7, maddə 455; 2002-ci il, № 1, maddə 9, № 5, maddələr 236, 248, 258, № 6, maddə 326, № 8, maddə 465; 2003-cü il, № 6, maddələr 276, 279, № 8, maddə 425, № 12, I kitab, maddə 676; 2004-cü il, № 1, maddə 10, № 4, maddə 200, № 5, maddə 321, № 8, maddə 598, № 10, maddə 762, № 11, maddə 900; 2005-ci il, № 1, maddə 3, № 6, maddə 462, Azərbaycan Respublikasının 2005-ci il 14 iyun tarixli 937-IIQD nömrəli Qanunu) aşağıdakı əlavələr və dəyişiklik edilsin:
1. 12.3-cü maddədə “müharibə cinayətləri,” sözlərindən sonra “insan alveri,” sözləri əlavə edilsin;
2. Məcəlləyə aşağıdakı məzmunda 144-1, 144-2 və 316-1-ci maddələr əlavə edilsin:
“Maddə 144-1. İnsan alveri
144-1.1. İnsan alveri, yəni şəxsin alqı-satqısı və ya ona sahibliklə əlaqədar digər əqdlərin bağlanması, yaxud onun istismar edilməsi məqsədilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün və ya eyni məqsədlə digər şəxslərə verilməsi üçün cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi -
əmlakı müsadirə olunmaqla beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
144-1.2. Eyni əməllər:
144-1.2.1. iki və ya daha çox şəxs barəsində törədildikdə;
144-1.2.2. təkrar törədildikdə;
144-1.2.3. yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə;
144-1.2.4. təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadın barəsində törədildikdə;
144-1.2.5. qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətklar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə;
144-1.2.6. təqsirkar şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;
144-1.2.7. həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə və ya belə zor tətbiq etmək hədəsi ilə törədildikdə;
144-1.2.8. zərərçəkmiş şəxsə işgəncə verməklə və ya onunla qəddar, qeyri-insani, yaxud onun ləyaqətini alçaldan rəftar etməklə törədildikdə;
144-1.2.9. zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədilə törədildikdə -
əmlakı müsadirə olunmaqla səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
144-1.3. Bu Məcəllənin 144-1.1 və 144-1.2-ci maddələrində göstərilən əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda -
əmlakı müsadirə olunmaqla on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd:
1. Bu maddədə “insanın istismarı” dedikdə məcburi əmək (xidmət), cinsi istismar, köləlik, köləliyə bənzər adətlər və onlardan irəli gələn asılılıq vəziyyəti, insan orqanlarının və toxumalarının qanunsuz çıxarılması, şəxs üzərində qanunsuz biotibbi tədqiqatların aparılması, qadının surroqat ana kimi istifadə edilməsi, qanunsuz, o cümlədən cinayətkar fəaliyyətə cəlb etmə başa düşülür.
2. İnsan alverindən zərərçəkmiş şəxsin istismar olunmasına dair razılığı, həyat tərzi, habelə əxlaqsız davranışı insan alverində təqsirli bilinən şəxsin cəzasını yüngülləşdirən hal qismində nəzərə alına bilməz.
Maddə 144-2. Məcburi əmək
144-2.1. Hədə-qorxu, zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə, habelə qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa şəxsin azadlığını məhdudlaşdırmaqla müəyyən işin yerinə yetirilməsinə (xidmətin göstərilməsinə) məcbur etmə -
iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
144-2.2. Eyni əməllər:
144-2.2.1. iki və ya daha çox şəxs barəsində törədildikdə;
144-2.2.2. təkrar törədildikdə;
144-2.2.3. yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə;
144-2.2.4. təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadın barəsində törədildikdə;
144-2.2.5. təqsirkar şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;
144-2.2.6. qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə -
üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
144-2.3. Bu Məcəllənin 144-2.1 və 144-2.2-ci maddələrində göstərilən əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda -
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”
“Maddə 316-1. İnsan alverindən zərərçəkmiş şəxs haqqında konfidensial məlumatları yayma
316-1.1. İnsan alverindən zərərçəkmiş şəxs haqqında konfidensial məlumatları qanunsuz toplama, yaxud qəsdən yayma –
şərti maliyyə vahidinin yüz mislindən beş yüz mislinədək miqdarda cərimə və ya iki yüz qırx saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.
316-1.2. Eyni əməllər təqsirkar şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə -
şərti maliyyə vahidinin beş yüz mislindən min mislinədək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
316-1.3. Eyni əməllər ağır nəticələrə səbəb olduqda –
bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etməilə cəzalandırılır.
Qeyd:
Bu maddədə “konfidensial məlumat” dedikdə, yayılması insan alverindən zərər çəkmiş şəxsin, onun yaxın qohumlarının, habelə insan alverinə qarşı mübarizəyə yardım göstərən şəxslərin həyat və sağlamlığına təhlükə yaradan hər hansı məlumat başa düşülür.”.
3. 173-cü maddə çıxarılsın.
II. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 8, I kitab, maddə 584; 2001-ci il, № 1, maddə 24, № 3, maddə 139, № 7, maddə 455, № 11, maddələr 680, 698, № 12, maddə 731; 2002-ci il, № 1, maddə 9, № 4, I kitab, maddə 165, № 5, maddələr 234, 237, 239, № 6, maddə 326, № 8, maddə 463, № 12, maddə 692; 2003-cü il, № 1, maddələr 3, 13, 23, № 4, maddələr 177, 178, № 5, maddə 228, № 6, maddələr 257, 276, 279, № 8, maddələr 407, 425, № 12, I kitab, maddələr 676, 696, II kitab, maddələr 713, 714; 2004-cü il, № 1, maddələr 6, 7, 10, 13, № 4, maddələr 200, 201, 204, № 5, maddələr 313, 314, 317, 321, № 8, maddələr 596, 597, № 10, maddələr 762, 779, № 11, maddə 900, № 12, maddə 973; 2005-ci il, № 1, maddələr 4, 5, № 2, maddə 61, № 4, maddələr 272, 273, 275, 278, № 6, maddələr 462, 466; Azərbaycan Respublikasının 2005-ci il 14 iyun tarixli 938-IIQD nömrəli, 24 iyun tarixli 947-IIQD, 948-IIQD nömrəli qanunları) aşağıdakı məzmunda 150-1-ci maddə əlavə edilsin:
“Maddə 150-1. Sənədsiz sərnişin daşıma
Beynəlxalq daşımaları həyata keçirən şəxslər tərəfindən müvafiq dövlətin ərazisinə giriş və ya ərazisindən çıxış üçün sənədlərə malik olmayan sərnişinlərin daşınmasına görə -
fiziki şəxslər şərti maliyyə vahidinin otuz mislindən qırx mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidinin səksən mislindən doxsan mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidinin iki yüz mislindən üç yüz mislinədək miqdarda cərimə edilir.”
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 30 sentyabr 2005-ci il.