Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT ƏMLAKININ İDARƏ EDİLMƏSİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ HAQQINDA
ƏSASNAMƏ

Azərbaycan Respublikası Prezidentinin

2005-ci il «16» noyabr tarixli

Fərmanı ilə təsdiq edilmişdir

I. Ümumi müddəalar

1. Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi (bundan sonra-Komitə) Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 16 sentyabr tarixli 1008 nömrəli Sərəncamı ilə yaradılmışdır.

2. Komitə dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi, bu sahəyə investisiyaların cəlb olunması sahəsində dövlət siyasətinin həyata keçirilməsini, dövlət əmlakı barəsində sərəncam verilməsi, dövlət əmlakının və onun barəsində bağlanılan əqdlərin qeydiyyatının aparılması, dövlət müəssisələrinin sağlamlaşdırılması və özəlləşdirməyə hazırlanması, dövlət müəssisələri özəlləşdirildikdən sonra onların yeni mülkiyyətçiləri tərəfindən həmin müəssisələrə investisiya qoyuluşu üzərində nəzarətin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.

3. Komitə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur.

4. Komitə bu Əsasnamədə nəzərdə tutulan vəzifə və funksiyaların yerinə yetirilməsində Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları ilə, habelə beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı fəaliyyət göstərir.

5. Komitə öz fəaliyyətini bilavasitə və tabeliyində olan hüquqi şəxs statuslu qurumları, habelə yerli orqanları vasitəsi ilə həyata keçirir.

6. Komitə müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, Azərbaycan Respublikası Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.

7. Komitənin mərkəzi aparatı və tabeliyində olan qurumlar Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir.

8. Komitə Bakı şəhərində yerləşir.

II. Komitənin əsas vəzifələri

9. Komitənin əsas vəzifələri aşağıdakılardır:

9.1. dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi, bu sahəyə investisiyaların cəlb olunması sahəsində dövlət siyasətini həyata keçirmək;

9.2. qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının ərazisində və xarici ölkələrdə yerləşən dövlət əmlakını idarə etmək və onun barəsində sərəncam vermək, dövlət əmlakının idarə edilməsinin səmərəliliyini artırmaq məqsədi ilə zəruri tədbirlər görmək;

9.3. qanunvericiliyə müvafiq olaraq dövlət əmlakının özəlləşdirilməsini həyata keçirmək;

9.4. dövlət əmlakının və onun barəsində bağlanmış əqdlərin qeydiyyatını aparmaq, dövlət əmlakının inventarlaşdırılmasını təşkil etmək və texniki sənədləri tərtib etmək;

9.5. qanunvericiliklə müəyyən edilmiş qaydada özəlləşdirməyə açıq elan edilmiş dövlət müəssisələrinə, habelə onların özəlləşdirilməsi ilə bağlı investisiyaların cəlb olunması məqsədilə tədbirlər hazırlamaq və investisiya qoyuluşuna nəzarəti təmin etmək;

9.6. özəlləşdiriləcək dövlət müəssisələrinin dövlətsizləşdirməyə hazırlanması, sağlamlaşdırılması və özəlləşdirmədən sonra dəstəklənməsi sahəsində tədbirlər görmək;

9.7. qanunvericiliklə müəyyən edilmiş qaydada özəlləşdirilmiş müəssisələrin inkişafına dəstək vermək və onların fəaliyyətinin stimullaşdırılması sahəsində müvafiq tədbirlərin həyata keçirilməsini təmin etmək;

9.8. dövlət müəssisələri özəlləşdirildikdən sonra onların yeni mülkiyyətçiləri tərəfindən həmin müəssisələrə investisiya qoyuluşu üzərində nəzarəti təmin etmək;

9.9. Azərbaycan Respublikasının qanunvericiliyi ilə Komitəyə həvalə olunmuş digər vəzifələri yerinə yetirmək.

III. Komitənin funksiyaları

10. Komitə bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrə uyğun olaraq aşağıdakı funksiyaları həyata keçirir:

10.1. dövlət əmlakının idarə edilməsini, onun özəlləşdirilməsini, öz səlahiyyətləri daxilində dövlət əmlakı barəsində sərəncam verilməsini, özəlləşdirməyə açıq elan edilmiş dövlət müəssisələrinə və onların özəlləşdirilməsi ilə bağlı investisiyaların cəlb olunmasını həyata keçirir və bu məsələlərlə bağlı müvafiq normativ hüquqi aktlar hazırlayır;

10.2. dövlət əmlakının idarə edilməsinə dair dövlət proqramının, dövlət müəssisələrinin özəlləşdirməqabağı sağlamlaşdırılması və özəlləşdirmədən sonra fəaliyyətinin dəstəklənməsinə dair dövlət proqramının, dövlət əmlakının özəlləşdirilməsinin dövlət proqramının layihələrini hazırlayır, onların həyata keçirilməsini təmin edir, öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının sosial-iqtisadi inkişaf proqramlarının hazırlanmasında və icrasında iştirak edir;

10.3. qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət əmlakının özəlləşdirilməsini həyata keçirir və dövlət əmlakının alıcıları ilə bağlanmış alqı-satqı müqavilələrinin şərtlərinə riayət edilməsinə nəzarət edir;

10.4. dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sahəsində müvafiq icra hakimiyyəti orqanlarının, dövlət müəssisə və təşkilatlarının fəaliyyətini əlaqələndirir;

10.5. aidiyyəti mərkəzi icra hakimiyyəti orqanları ilə birlikdə səlahiyyətləri daxilində məqsədli proqramların hazırlanmasını və həyata keçirilməsini təşkil edir;

10.6. öz səlahiyyətləri daxilində qiymətli kağızlar bazarının formalaşdırılması üzrə təkliflər hazırlanmasında iştirak edir;

10.7. öz səlahiyyətləri daxilində dövlət əmlakının idarə olunması, dövlətsizləşdirilməsi, özəlləşdirilməsi, qiymətləndirilməsi, özəlləşdirməyə açıq elan edilmiş dövlət müəssisələrinə və onların özəlləşdirilməsi ilə bağlı investisiyaların cəlb olunması ilə bağlı, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada digər normativ hüquqi aktları hazırlayır və hazırlanmasında iştirak edir;

10.8. öz səlahiyyətləri daxilində sosial sahələrin inkişafına dövlət köməyi mexanizmlərinin hazırlanmasında, mənzil-kommunal təsərrüfatında islahatların istiqamətlərinin müəyyənləşdirilməsində və həyata keçirilməsində iştirak edir;

10.9. qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət əmlakı barəsində sərəncam verir, dövlət əmlakının idarə edilməsinə və ondan səmərəli istifadə olunmasına nəzarət edir, bu məqsədlə tabeliyindən və sahə mənsubiyyətindən asılı olmayaraq dövlət müəssisələrində, nizamnamə kapitalında dövlətin payı olan hüquqi şəxslərdə monitorinq və araşdırmalar aparır;

10.10. öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasında əsas fondların təzələnməsi, yenidən qiymətləndirilməsi, amortizasiya normalarının hazırlanması ilə əlaqədar təkliflər verir və onların tətbiq edilməsində iştirak edir;

10.11. dövlət əmlakının mühafizəsinə və qorunub saxlanılmasına nəzarəti həyata keçirir, dövlət müəssisə və təşkilatları tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət əmlakının inventar siyahılarının tərtib olunmasını təşkil edir, daşınmaz dövlət əmlakının təyinatının dəyişdirilməsinə razılıq verir;

10.12. dövlət əmlakından istifadə olunması barədə aidiyyəti dövlət orqanları ilə birlikdə statistik hesabat formalarını hazırlayır, əmlakın inventar siyahıları, habelə əmlakdan istifadə barədə hesabatlar əsasında dövlət əmlakından təyinatı üzrə səmərəli istifadə olunması vəziyyətini təhlil edir, bu sahədə müvafiq qanunvericiliyi pozan müəssisə və təşkilatların rəhbərliyinin hərəkətləri barədə məlumatları aidiyyəti dövlət orqanlarına təqdim edir;

10.13. dövlət əmlakının registrinin aparılmasını təşkil edir, bu məqsədlə mərkəzi və yerli icra hakimiyyəti orqanlarından, dövlət təşkilatlarından zəruri məlumatlar alır, bu sahədə qanunvericiliyi pozan vəzifəli şəxsləri müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edir;

10.14. dövlət əmlakının qiymətləndirilməsinə nəzarəti həyata keçirir;

10.15. tabeliyində olan hüquqi şəxs statuslu qurumu vasitəsi ilə dövlət mülkiyyətində olan və özəlləşdirilən, habelə dövlət torpaqlarında fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin texniki pasportlarının və plan – cizgilərinin tərtib olunması məqsədi ilə əmlakın inventarlaşdırılmasını həyata keçirir;

10.16. dövlət əmlakının texniki inventarlaşdırılması məqsədi ilə mərkəzi və yerli icra hakimiyyəti orqanlarından dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin ayrılmasını təsdiq edən sənədləri əldə edir;

10.17. daşınmaz dövlət əmlakını icarəyə və istifadəyə verir, bu məqsədlə bağlanmış əqdlərin qeydiyyatını aparır, icarə haqlarının müəyyən edilməsi ilə bağlı təkliflər hazırlayıb aidiyyəti üzrə təqdim edir, daşınar dövlət əmlakının icarəyə və istifadəyə verilməsinə dair razılıq verir və bu sahədə nəzarəti həyata keçirir;

10.18. dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələrindən səmərəli istifadə olunmasına nəzarət edir və dövlət təşkilatlarının yerləşdirilməsi barədə təkliflər verir;

10.19. dövlət əmlakının girov qoyulmasına razılıq verir və bu barədə əqdlərin qeydiyyatını aparır, habelə nizamnamə kapitalında dövlətin payı olan hüquqi şəxslərə məxsus obyektlərin (əsas vəsaitlərin) girov qoyulmasına razılıq verir;

10.20. dövlət əmlakının satıcısı səlahiyyətlərini həyata keçirir, nizamnamə kapitalında dövlətin payı olan hüquqi şəxslərə məxsus obyektlərin (əsas vəsaitlərin) satılmasına razılıq verir;

10.21. öz səlahiyyətləri daxilində tabeliyindən və sahə mənsubiyyətindən asılı olmayaraq, dövlət mülkiyyətində olan, habelə nizamnamə kapitalında dövlətin payı olan hüquqi şəxslərə məxsus obyektlərin (əsas vəsaitlərin) müəyyən olunmuş qaydada balansdan balansa verilməsinə razılıq verir və silinməsinə dair rəy verir;

10.22. dövlət təşkilatları tərəfindən dövlət müəssisələrinin (o cümlədən, onların filial və nümayəndəliklərinin) qanunvericiliklə müəyyən edilmiş qaydada yaradılmasına, yenidən təşkil edilməsinə, ləğv olunmasına və təşkilati-hüquqi formasından asılı olmayaraq, hüquqi şəxslərin yaradılmasında dövlət əmlakının pay şəklində qoyuluşuna razılıq verir;

10.23. Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla, dövlət mülkiyyəti əsasında yaradılan və ya səhmləri (payları) dövlətə məxsus olan müəssisələrin idarə edilməsini təşkil edir, öz səlahiyyətləri daxilində həmin müəssisələrin rəhbərlərini təyin edir və ya təyin edilməsi ilə bağlı təqdimat verir, onlarla əmək müqavilələri bağlayır;

10.24. dövlət müəssisələrinin, o cümlədən nizamnamə kapitalında dövlətə məxsus olan payın (səhmlərin) miqdarı 20 faiz və ondan artıq olan hüquqi şəxslərin nizamnamələrinin təsdiq edilməsinə razılıq verir;

10.25. birqə müəssisələrdə dövlətə məxsus olan payın (səhmlərin) miqdarının dəyişdirilməsinə razılıq verir və öz səlahiyyətləri daxilində həmin paydan səmərəli istifadə edilməsinə nəzarəti həyata keçirir;

10.26. Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla, müəssisələrin nizamnamə kapitalında dövlətə məxsus payların (səhmlərin) saxlanılmasını və onların idarə olunmasını təmin edir, habelə onlardan səmərəli istifadəyə nəzarəti həyata keçirir, o cümlədən idarəetmə məqsədi ilə payları (səhmləri) qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi və ya fiziki şəxslərə verir;

10.27. qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət müəssisələrinin idarəetməyə verilməsi barədə təkliflər verir, bu barədə müsabiqələri təşkil edir, müqavilələr bağlayır və həmin müqavilələrin icrasına nəzarəti həyata keçirir;

10.28. dövlət müəssisələrinin və nizamnamə kapitalında dövlətin payı olan ödəniş qabiliyyəti olmayan müəssisələrin fəaliyyətini, maliyyə vəziyyətini təhlil edib rəy verir, zəruri hallarda qanunvericilikdə müəyyən olunmuş qaydada özəlləşdirilən müəssisə və obyektlərin müflisləşmə prosedurunu həyata keçirir;

10.29. qanunvericiliklə müəyyən edilmiş qaydada müflis elan olunmuş dövlət müəssisələrinin əmlakının və nizamnamə kapitalında dövlətin payı olan hüquqi şəxslərin dövlətə məxsus əmlakının satışını təşkil edir;

10.30. dövlət əmlakının bələdiyyə mülkiyyətinə verilməsi barədə təqdimat verir və qanunvericiliklə müəyyən olunmuş qaydada qəbul olunmuş qərar əsasında əmlakın bələdiyyə mülkiyyətinə verilməsini həyata keçirir;

10.31. Azərbaycan Respublikasının adından əmlakın alınmasını və satılmasını təşkil edir;

10.32. dövlət əmlakı barəsində bağlanmış əqdlər Azərbaycan Respublikasının iqtisadi maraqlarına ziyanla nəticələndikdə Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla, həmin əqdlərlə bağlı məhkəmədə iddia qaldırır, dövlət mülkiyyətində olan, habelə nizamnamə kapitalında dövlətin payı olan hüquqi şəxslərlə bağlı məhkəmə mübahisələrində dövlətin mənafeyini təmsil edir;

10.33. dövlət və özəlləşdirilən müəssisələrə məxsus obyektlərin (əmlakın) və torpaq sahələrinin zəbt olunması və qanunazidd formada istifadə olunması hallarının qarşısını almaq üçün öz səlahiyyətləri daxilində tədbirlər görür, bu məqsədlə aidiyyəti orqanlara məlumat verir, o cümlədən məhkəmə qarşısında iddia qaldırır;

10.34. mülkiyyət hüquqlarının qorunması məqsədi ilə Azərbaycan Respublikasını öz səlahiyyətləri daxilində xarici ölkələrin müvafiq orqanlarında təmsil edir;

10.35. öz səlahiyyətləri daxilində dövlət əmlakının idarə olunması və özəlləşdirilməsi ilə əlaqədar iqtisadiyyatın ayrı-ayrı sahələrinin, sənayenin və istehsalın inkişaf dinamikasının təhlil edilməsində, proqnozlaşdırılmasında və perspektiv inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində, bu barədə proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak edir;

10.36. öz səlahiyyətləri daxilində özəlləşdirməyə açiq elan edilmiş dövlət müəssisələrində və özəlləşdirmə prosesində olan müəssisələrdə rəqabətədavamlı malların istehsalı üçün lazımi tədbirlərin həyata keçirir, dövlət müəssisələrinin mövcud vəziyyətini, inkişaf meyllərini və müəssisələrin özəlləşdirilməsi imkanlarını təhlil edir və müvafiq təkliflər hazırlayır;

10.37. öz səlahiyyətləri daxilində dövlət əmlakının qanunvericiliklə müəyyən edilmiş üsullarla özəlləşdirilməsi barədə qərar qəbul edir və özəlləşdirilməsini həyata keçirir;

10.38. dövlət əmlakının özəlləşdirilməsi prosesini ictimai nəzarət və şəffaflıq prinsipləri əsasında həyata keçirir;

10.39. öz səlahiyyətləri daxilində tabeliyində olan hüquqi şəxs statuslu qurumu vasitəsi ilə dövlət əmlakının, o cümlədən dövlət mülkiyyətinə keçməklə müsadirə olunmuş əmlakın və müəyyən olunmuş hallarda borclara görə üzərinə həbs qoyulmuş dövlət əmlakının hərraclarda satışını həyata keçirir;

10.40. öz səlahiyyətləri daxilində özəlləşdirilməsi barədə qərar qəbul edilmiş dövlət müəssisələrinin restrukturizasiyasını və özəlləşdirməqabağı sağlamlaşdırılması tədbirlərini həyata keçirir;

10.41. özəlləşdirilməsi barədə qərar qəbul edilmiş dövlət müəssisə və obyektlərinin əmlakının, birgə müəssisələrin nizamnamə kapitalındakı dövlətin payının qanunvericiliyə uyğun olaraq qiymətləndirilməsini təşkil edir, dövlət əmlakının ilkin (start) satış qiymətini müəyyən edir, zəruri hallarda bu məqsədlə məsləhətçilər və müstəqil qiymətləndiricilər cəlb edir;

10.42. özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin qiymətləndirilməsini və satışını həyata keçirir;

10.43. öz səlahiyyətləri daxilində dövlət müəssisə və təşkilatlarının tərkibindən onların hər hansı bölməsinin (bina, tikili, qurğu və digər əmlakın) çıxarılmasını və ayrıca özəlləşdirilməsini həyata keçirir;

10.44. özəlləşdirilən müəssisə və obyektlərə, habelə ləğv olunan dövlət təşkilatlarına və müəssisələrinə məxsus olmuş sosial-mədəni, kommunal-məişət, mülki müdafiə, səfərbərlik təyinatlı obyektlərin və qanunvericiliklə özəlləşdirilməsi nəzərdə tutulmayan digər əmlakın aidiyyəti üzrə balansdan-balansa verilməsi barədə təkliflər verir və qəbul olunmuş qərar əsasında əmlakın balansdan-balansa verilməsinə nəzarəti həyata keçirir;

10.45. dövlət əmlakının özəlləşdirilməsinə dair alqı-satqı və girov müqavilələri bağlayır, onların qeydiyyatını aparır və icrasını təmin edir;

10.46. öz səlahiyyətləri daxilində dövlət müəssisə və obyektlərinin investisiya müsabiqələri vasitəsilə özəlləşdirilməsini təşkil edir, bu barədə müqavilələr bağlayır və həmin müqavilələrin icrasına nəzarəti həyata keçirir;

10.47. dövlət əmlakının özəlləşdirilməyə hazırlanması, qiymətləndirilməsi və investorlara satışı prosesinə maliyyə məsləhətçilərini cəlb edir və onlarla müvafiq müqavilələr bağlayır;

10.48. öz səlahiyyətləri daxilində dövlət müəssisələrinin səhmdar cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edir və təsisçi qismində çıxış edir, onların dövlət qeydiyyatına alınmasını və özəlləşdirilməsini təmin edir, səhmdar cəmiyyətlərinin və nizamnamə kapitalında dövlətin payı olan birgə müəssisələrin idarəetmə orqanlarında dövlətin nümayəndəsini təyin edir;

10.49. dövlət əmlakının özəlləşdirilməsi prosesində təsis olunmuş və tam özəlləşdirilməmiş səhmdar cəmiyyətlərinə məxsus daşınar və daşınmaz əmlakın satılmasına, icarəyə verilməsinə, digər qaydada özgəninkiləşdirilməsinə razılıq verir;

10.50. səhmlərinin tamamilə və ya nəzarət zərfinin dövlət mülkiyyətində saxlanılması barədə qərar qəbul olunmuş səhmdar cəmiyyətlərinə məxsus daşınmaz əmlakı icarəyə verir, daşınar əmlakın icarəyə verilməsinə razılıq verir və bu sahədə nəzarəti həyata keçirir;

10.51. özəlləşdirmə prosesində bağlanan əqdlərin daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi məqsədi ilə dövlət əmlakının alıcılarına özəlləşdirilən müəssisə və obyektlərə, onların, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılmasına dair şəhadətnamələr verir;

10.52. birgə müəssisələrin nizamnamə kapitalındakı dövlətin payının özəlləşdirilməsinə dair əqdlər bağlayır və alıcıların mülkiyyət hüququna dair şəhadətnamələr verir;

10.53. qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədi ilə dövlət torpaqlarında, habelə özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrində fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin əmlakının, dövlət müəssisələrindən fiziki və hüquqi şəxslərə verilmiş əmlakın, özəlləşdirmə nəticəsində yaradılan səhmdar cəmiyyətlərin (müəssisələrin) özgəninkiləşdirilən əmlakının, özəlləşdirilmiş əmlak əsasında təsis edilən və sonradan təşkilati-hüquqi formasını dəyişən (ləğv edilən) hüquqi şəxslərin əmlakının əldə edilməsi hallarını fiziki və hüquqi şəxslərin müraciətlərinə əlavə olunmuş hüquqmüəyyənedici sənədlər əsasında araşdırır və müəyyən edilmiş qaydada hüquqların əldə edilməsini təsdiq edən şəhadətnamələr verir;

10.54. dövlət əmlakının özəlləşdirilməsindən, icarəyə verilməsindən və onun barəsində həyata keçirilən digər əməliyyatlardan əldə edilən vəsaitin statistik və mühasibat hesabatlarını aparır, həmin vəsaitin dövlət büdcəsinə daxil olmasını təmin edir;

10.55. dövlət əmlakının özəlləşdirilməsindən daxil olan vəsaitdən qanunvericiliklə müəyyən edilmiş ayırmaları dövlət əmlakının özəlləşdirilməsində müstəqil maliyyə məsləhətçisinin cəlb edilməsi, özəlləşdirmə ilə bağlı informasiya təminatının təşkili və müəssisələrin özəlləşdirməqabağı sağlamlaşdırılması, özəlləşdirmədən sonra müəssisələrin fəaliyyətinin dəstəklənməsi tədbirlərinin maliyyələşdirilməsi, dövlət əmlakının qorunub saxlanılması və mühafizəsi, mülkiyyət hüquqlarının qorunması ilə bağlı Azərbaycan Respublikasını xarici ölkələrin müvafiq orqanlarında, habelə məhkəmə orqanlarında təmsil etmə xərclərinin ödənilməsi məqsədi ilə istifadə edir;

10.56. dövlət əmlakının özəlləşdirilməsinin dövlət proqramının icrası barədə müəyyən olunmuş qaydada hesabat verir;

10.57. özəlləşdirməyə açıq elan edilmiş dövlət müəssisələri və onların özəlləşdirilməsi ilə bağlı Azərbaycan Respublikasının xarici dövlətlərlə investisiya əməkdaşlığı sahəsində investisiya fəaliyyətinin əhatə etdiyi bütün məsələlər üzrə ikitərəfli, çoxtərəfli və beynəlxalq müqavilələrin bağlanılması üçün danışıqların aparılmasında və onların həyata keçirilməsində öz səlahiyyətləri daxilində iştirak edir;

10.58. özəlləşdirməyə açıq elan edilmiş dövlət müəssisələri və onların özəlləşdirilməsi ilə bağlı məsələlərin icrası ilə əlaqədar beynəlxalq və regional iqtisadi maliyyə təşkilatları ilə əməkdaşlıq edir, onların, habelə xarici ölkələrin müvafiq qurumlarının keçirdiyi tədbirlərdə iştirak edir və Azərbaycan Respublikasını təmsil edir, öz səlahiyyətləri daxilində onların maliyyə vəsaitlərinin özəlləşdirməyə açıq elan edilmiş dövlət müəssisələri və onların özəlləşdirilməsi ilə bağlı ölkə iqtisadiyyatına cəlb olunması üçün məqsədyönlü iş və danışıqlar aparır;

10.59. öz səlahiyyətləri daxilində, özəlləşdirməyə açıq elan edilmiş dövlət müəssisələrinə və onların özəlləşdirilməsi ilə bağlı xarici investisiyaların Azərbaycan Respublikasına cəlb olunması strategiyasının müəyyənləşdirir və onu həyata keçirir;

10.60. öz səlahiyyətləri daxilində, özəlləşdirməyə açıq elan edilmiş dövlət müəssisələri və onların özəlləşdirilməsi ilə bağlı investisiyaların cəlb edilməsi məqsədi ilə tədbirlər həyata keçirir, həmin məsələlərlə əlaqədar investisiya layihələrinin (proqramlarının) iqtisadi səmərəliliyi və məqsədəuyğunluğu barədə rəy verir, özəlləşdirməyə açıq elan edilmiş dövlət müəssisələrinə və onların özəlləşdirilməsi ilə bağlı investisiyaların cəlb edilməsi sahəsində dövlət müəssisələri və təşkilatları ilə bağlanılmış müqavilələrin icrası zamanı dövlət mənafelərinin qorunmasına nəzarəti həyata keçirir;

10.61. öz səlahiyyətləri daxilində, özəlləşdirməyə açıq elan edilmiş dövlət müəssisələrinə və onların özəlləşdirilməsi ilə bağlı beynəlxalq maliyyə-iqtisadi təşkilatlar və xarici dövlətlər tərəfindən verilən kreditlərdən istifadə məqsədi ilə aidiyyəti nazirlik, komitə və təşkilatlar cəlb olunmaqla investisiya layihələrinin müsabiqələrini təşkil edir;

10.62. öz səlahiyyətləri daxilində, özəlləşdirməyə açıq elan edilmiş dövlət müəssisələrinə və onların özəlləşdirilməsi ilə bağlı həmin müəssisələrə verilən maliyyə və texniki yardımların əlaqələndirilməsində, həmin məsələlərlə əlaqədar verilmiş xarici kreditlərin (yardımların) məqsədli və səmərəli istifadə olunmasına nəzarəti həyata keçirir;

10.63. dövlət məssisələrinin özəlləşdirməqabağı və özəlləşdirilmiş müəssisələrin investisiya qoyuluşu imkanları haqqında məlumat bankını yaradır, potensial investorlar arasında həmin müəssisələrin imkanları ilə bağlı zəruri məlumatların yayılmasını təşkil edir;

10.64. öz səlahiyyətləri daxilində, özəlləşdirməyə açıq elan edilmiş dövlət müəssisələrinə və onların özəlləşdirilməsi ilə bağlı investisiya layihələrinin hazırlanması və həyata keçirilməsi üzrə tədbirlər həyata keçirir, o cümlədən dövlət əmlakının özəlləşdirilməsinin, özəlləşdirilmiş müəssisələrin fəaliyyətinin dəstəklənməsi məqsədi ilə xüsusi əhəmiyyət kəsb edən investisiya layihələrinin icrasını təmin etmək üçün müvafiq təkliflər hazırlayır;

10.65. öz səlahiyyətləri daxilində, özəlləşdirməyə açıq elan edilmiş dövlət müəssisələrinə və onların özəlləşdirilməsi ilə bağlı investisiya qoyuluşuna dair təkliflərin ekspertizasını həyata keçirir;

10.66. öz səlahiyyətləri daxilində, özəlləşdirməyə açıq elan edilmiş dövlət müəssisələrinə və onların özəlləşdirilməsi ilə bağlı xarici investorlarla danışıqlarda dövləti təmsil edir, dövlət və özəlləşdirilmiş müəssisələrin investisiya qoyuluşu sahəsində qanuni mənafelərini müdafiə edir;

10.67. Azərbaycan Respublikasında xarici investisiyalı müəssisələrin uçotunu aparır, bu sahədə mövcud olan problemlərin aşkar edilməsini və onların aradan qaldırılmasını təmin etmək məqsədi ilə təhlil aparır və digər zəruri tədbirlər həyata keçirir;

10.68. öz səlahiyyətləri daxilində, özəlləşdirilmiş dövlət müəssisələrinin səmərəli fəaliyyət göstərməsi üçün əlverişli mühitn yaradılması, investisiya mühitinin yaxşılaşdırılması və investisiyaların stimullaşdırılması ilə bağlı təkliflər hazırlayır və tədbirlər həyata keçirir;

10.69. özəlləşdirilmiş müəssisələrin yeni mülkiyyətçiləri tərəfindən özəlləşdirmə barədə bağlanılmış əqdlərdə nəzərdə tutulmuş öhdəlik və şərtlərin, o cümlədən investisiya qoyuluşu (onun istiqamətləri, həcmi və müddətləri), sosial, iqtisadi və digər tələblərin yerinə yetirilməsinə nəzarəti həyata keçirir;

10.70. öz səlahiyyətləri daxilində, dövlət müəssisələrinin özəlləşdirmədən sonrakı fəaliyyətinin dəstəklənməsi və investisiya qoyuluşunun səmərəliliyinin təmin olunması məqsədi ilə mütəmadi olaraq onların fəaliyyət göstəricilərini araşdırır və monitorinqini aparır;

10.71. öz səlahiyyətləri daxilində, özəlləşdirilən müəssisə və obyektlərin yenidən təşkilinin və ləğvinin qanunvericiliyə uyğun olub-olmamasını təhlil edir və bu sahədə qanun pozuntuları aşkar olunduqda aidiyyəti orqanlar qarşısında məsələ qaldırır;

10.72. öz səlahiyyətləri daxilində özəlləşdirilən müəssisələrin sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, daxili tələbatın yerli istehsal hesabına təmin edilməsi, rəqabət qabiliyyətinin yüksəldilməsi məqsədi ilə onlara investisiya qoyuluşu, maliyyə, kredit, vergi, informasiya-metodiki, kadrların hazırlanması və digər sahələrdə köməklik göstərilməsi üçün həmin müəssisələrdə müvafiq təhlillər aparır, müasir texnologiyaların tətbiqi üzrə təkliflər hazırlayır, innovasiya prosesinin sürətləndirilməsi tədbirlərinin həyata keçirilməsini təmin edir;

10.73. öz səlahiyyətləri daxilində, dövlət, habelə özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahələrinin başqa hüquqi və fiziki şəxslərə icarəyə və istifadəyə verilməsinə, həmin torpaq sahələrində tikinti, yenidənqurma və quraşdırma işlərinin aparılmasına, onların təyinatının dəyişdirilməsinə razılıq verir, dövlət və özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin təyinatı üzrə istifadə olunması vəziyyətinin araşdırılması məqsədi ilə monitorinq aparır;

10.74. dövlət payı olan səhmdar cəmiyyətlərində və birgə müəssisələrdə dövlət büdcəsinə çatacaq dividendlərin hesablanmasını və verilməsini araşdırır, bu sahədə qanun pozuntuları aşkar olunduqda aidiyyəti orqanlar qarşısında məsələ qaldırır;

10.75. özəlləşdirmə prosesində əmək kollektivi üzvlərinin hüquqlarının və sosial ədalət prinsipinin qorunmasını təmin edir;

10.76. öz səlahiyyətləri daxilində, dövlət, özəlləşdirilən müəssisə və obyektlərin vergi və digər borclarının vaxtında ödənilməməsi səbəbindən yaranan borclarla əlaqədar ödəmənin əmlaka yönəldilməsinə razılıq verir;

10.77. özəlləşdirilən müəssisələrin fəaliyyətinin dəstəklənməsi məqsədi ilə öz səlahiyyətləri daxilində özəlləşdirilən müəssisə və obyektlərin dövlət müəssisələri ilə qarşılıqlı münasibətlərini tənzimləyir və onların fəaliyyətini əlaqələndirir, dövlət ehtiyaclarının təmin edilməsi üçün özəlləşdirilən müəssisə və obyektlərə dövlət sifarişlərinin verilməsi işinin təşkilində iştirak edir;

10.78. öz səlahiyyətləri daxilində, müvafiq icra hakimiyyəti orqanlarından, bələdiyyələrdən, dövlət müəssisə, idarə və təşkilatlarından, təsərrüfat fəaliyyəti göstərən subyektlərdən dövlət əmlakının idarə edilməsinə, özəlləşdirilməsinə və onun barəsində sərəncam verilməsinə, özəlləşdirməyə açıq elan edilmiş dövlət müəssisələrinə və onların özəlləşdirilməsi ilə bağlı investisiyaların cəlb olunmasına və qoyuluşuna dair sənədlər və digər məlumatlar alır;

10.79. öz səlahiyyətləri daxilində, dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi məqsədi ilə istehsalın səmərəliliyinin artırılması ilə bağlı dövlət müəssisələrinin uzunmüddətli inkişaf planlarını razılaşdırır, dövlət müəssisələrinin, habelə zəruri hallarda özəlləşdirilən müəssisə və obyektlərin perspektiv inkişaf və biznes planlarına dair rəy verir, investisiya qoyuluşunun genişləndirilməsi ilə bağlı tövsiyələr verir;

10.80. öz səlahiyyətləri daxilində, özəlləşdirməyə açıq elan edilmiş dövlət müəssisələrinə və onların özəlləşdirilməsi ilə bağlı verilən kreditlərin təyinatı üzrə istifadə olunmasına nəzarət edir;

10.81. öz səlahiyyətləri daxilində, dövlət əmlakının özəlləşdirilməsinin dövlət proqramını, dövlət əmlakının idarə edilməsini və özəlləşdirilməsini, onun barəsində sərəncam verilməsini və qeydiyyatının aparılmasını, özəlləşdirməyə açıq elan edilmiş dövlət müəssisələrinə və onların özəlləşdirilməsi ilə bağlı investisiyaların cəlb olunmasını və qoyuluşunu, dövlət müəssisələri özəlləşdirildikdən sonra onların yeni mülkiyyətçiləri tərəfindən həmin müəssisələrə investisiya qoyuluşu üzərində nəzarət edilməsini tənzimləyən normativ hüquqi, metodik və digər zəruri sənədləri hazırlayır;

10.82. öz səlahiyyətləri daxilində özəlləşdirmə sahəsində qanunvericiliyə uyğun olaraq özəlləşdirməyə açıq elan edilmiş dövlət müəssisələrinə və onların özəlləşdirilməsi ilə bağlı investisiya fəaliyyəti sahəsində mövcud qanunvericiliyi pozmuş hüquqi və fiziki şəxslər barədə müvafiq tədbirlər görür;

10.83. dövlət əmlakından istifadə vəziyyətinin müəyyənləşdirilməsi, müəssisələrin özəlləşdirməqabağı sağlamlaşdırılması üçün təhlillərin aparılması, özəlləşdirməyə açıq elan edilmiş dövlət müəssisələrinə və onların özəlləşdirilməsi ilə bağlı investisiya qoyuluşlarının səmərəliliyinin yüksəldilməsi və özəlləşdirilən müəssisələrin fəaliyyətinin dəstəklənməsi sahəsində müvafiq tədbirlərin müəyyən edilməsi məqsədilə dövlət mülkiyyətində olan və özəlləşdirilən müəssisələrdə qanunvericiliklə müəyyən olunmuş qaydada araşdırmalar təşkil edir, zəruri hallarda araşdırmaların nəticələri barədə məlumatları aidiyyəti orqanlara təqdim edir;

10.84. dövlət material ehtiyatlarının saxlanılması və istifadə olunmasına dair təkliflərin hazırlanmasında iştirak edir;

10.85. öz fəaliyyəti ilə əlaqədar konfransların, seminarların, treyninq kurslarının keçirilməsini təşkil edir, dövlət əmlakının özəlləşdirilməsi ilə əlaqədar təbliğat və təşviqat işlərini aparır, bu məqsədlə müasir informasiya texnologiyalarından istifadə edir, o cümlədən internet saytı yaradır;

10.86. qanunvericiliklə nəzərdə tutulmuş digər funksiyaları həyata keçirir.

IV. Komitənin hüquqları

11. Komitə öz vəzifələrini və funksiyalarını həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:

11.1. öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları, fiziki və hüquqi şəxslər üçün icrası məcburi olan qərarlar qəbul etmək;

11.2. öz səlahiyyətləri daxilində mərkəzi və yerli icra hakimiyyəti orqanlarından, yerli özünüidarəetmə orqanlarından, hüquqi və fiziki şəxslərdən müəyyən olunmuş qaydada zəruri məlumatlar və arayışlar tələb etmək;

11.3. səlahiyyətlərinə aid edilmiş məsələlərin işlənib hazırlanması və yerinə yetirilməsi üçün xarici və yerli ekspertləri və məsləhətçiləri, məsləhətçi şirkətləri cəlb etmək, onlarla müqavilələr bağlamaq;

11.4. qanunvericiliyə uyğun olaraq öz səlahiyyətlərini həyata keçirmək məqsədi ilə müqavilələr bağlamaq;

11.5. öz səlahiyyətləri daxilində müəyyən olunmuş qaydada normativ hüquqi aktlar qəbul etmək;

11.6. öz adından məhkəmələrdə iştirak etmək;

11.7. səlahiyyətlərinə aid edilən məsələlər barəsində xarici ölkələrin dövlət orqanları və digər qurumları ilə, beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək, beynəlxalq müqavilələrin (sazişlərin) layihələrini hazırlamaq;

11.8. öz səlahiyyətlərinin icrası ilə bağlı müəyyən olunmuş qaydada tabeliyində hüquqi şəxs statuslu qurumları yaratmaq, onları yenidən təşkil etmək və ləğv etmək;

11.9. qanunvericiliklə müəyyən edilmiş qaydada dövri mətbuat orqanı təsis etmək, xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;

11.10. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

V. Komitənin fəaliyyətinin təşkili

12. Komitənin fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən, Komitəyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və funksiyalarının həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyan sədr rəhbərlik edir.

13. Komitə sədrinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən bir müavini vardır.

Sədr müavini sədr tərəfindən ona həvalə edilmiş vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyır.

14. Komitənin sədri:

14.1. Komitənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

14.2. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən işçilərin son say həddi və əməyin ödənilməsi fondu daxilində Komitənin mərkəzi aparatının, tabeliyində olan hüquqi şəxs statuslu qurumların, habelə yerli orqanların strukturunu və ştat cədvəlini müəyyən edilmiş qaydada təsdiq edir;

14.3. Komitənin struktur bölmələrinin əsasnamələrini, dövlət müəssisələrinin (obyektlərinin) çevrilməsi nəticəsində yaradılan səhmdar cəmiyyətlərinin və tabeliyində olan müəssisə və təşkilatların nizamnamələrini təsdiq edir;

14.4. Komitənin mərkəzi aparatının və yerli orqanlarının işçilərini, tabeliyində olan hquqi şəxs statuslu qurumların rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad edir, onların barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;

14.5. özəlləşdirilmək məqsədi ilə Komitənin sərəncamına verilmiş qurumların rəhbərlərini vəzifəyə təyin edir və vəzifədən azad edir, onların barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;

14.6. dövlət müəssisələrinin çevrilməsi nəticəsində təsis olunmuş səhmdar cəmiyyətlərinin idarə heyəti sədrlərini qanunvericiliklə müəyyən edilmiş qaydada vəzifəyə təyin və vəzifədən azad edir;

14.7. öz səlahiyyətləri daxilində Komitənin qarşısında duran vəzifələrin icrası ilə bağlı, habelə struktur bölmələrinin fəaliyyətinə dair icrası məcburi olan əmrlər, sərəncamlar, göstərişlər verir, habelə təlimatları və digər normativ hüquqi aktları imzalayır (təsdiq edir), onların icrasını təşkil edir və yoxlayır;

14.8. Komitənin struktur bölmələrinin, tabeliyində olan hüquqi şəxs statuslu qurumların funksional təyinatını və say tərkibini müəyyən edir, zəruri olduqda həmin strukturda dəyişikliklər aparır;

14.9. qanunvericiliyə uyğun olaraq digər səlahiyyətləri həyata keçirir.

15. Sədr olmadıqda onun səlahiyyətlərini sədr müavini həyata keçirir.

16. Komitədə sədrdən (kollegiya sədri), vəzifələrinə görə, sədr müavinindən, mərkəzi aparatın, tabeliyində olan hüquqi şəxs statuslu qurumların və yerli orqanların rəhbər işçilərindən ibarət kollegiya yaradılır.

17. Komitənin kollegiya üzvlərinin sayı və tərkibi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.

18. Komitənin kollegiyası öz iclaslarında Komitənin fəaliyyəti ilə bağlı məsələləri müzakirə edir və onlar haqqında müvafiq qərarlar qəbul edir.

Komitənin kollegiyasının iclasları kollegiya üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Kollegiyanın qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər olduqda sədrin səsi həlledici hesab olunur.

19. Kollegiyanın qərarları protokollarla rəsmiləşdirilir və bir qayda olaraq, sədrin əmrləri ilə həyata keçirilir.

20. Zəruri hallarda kollegiyanın iclaslarında iştirak etmək üçün müzakirə olunan məsələlərlə bilavasitə əlaqəli olan icra hakimiyyəti orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, habelə ictimai təşkilatların nümayəndələri dəvət edilə bilərlər.

21. Komitə dövlət əmlakının alıcılarına mülkiyyət hüquqlarını təsdiq edən şəhadətnamə verdikdə, bu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə məlumat verir.

22. Müəyyən edilmiş əmək haqqı fondu və işçilərin say həddi daxilində Komitənin Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində (şəhərlərin rayonlarında) və bölgələrində birbaşa ona tabe olan müvafiq rayon, şəhər və bölgə orqanları yaradılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin