AZƏRBAYCAN RESPUBLİKASININ MƏTBUAT İŞÇİLƏRİNƏ
Hörmətli mətbuat işçiləri!
Sizi 22 iyul - Milli Mətbuat Günü münasibətilə səmimi qəlbdən təbrik edir və hər birinizə xoş arzularımı yetirirəm.
Azərbaycan mətbuatı yarandığı gündən zəngin və şərəfli inkişaf yolu keçmiş, bütün dövrlərdə mütərəqqi ictimai idealların carçısı kimi çıxış etmişdir. Zəngin tarixi ənənələrə malik olan xalqımızın azadlıq istəyinin, müstəqillik amalının güclənməsində, mənəvi dəyərlərinin tərəqqisində, milli şüurun, mənəviyyatın, mədəniyyətin formalaşmasında mətbuatımız həmişə önəmli rol oynamışdır.
Respublikamız dövlət müstəqilliyini qazandıqdan sonra milli və bəşəri dəyərləri rəhbər tutan Azərbaycan mətbuatı demokratiya və aşkarlığın mühüm vasitəsi kimi xalqımıza öz ali məqsədlərini həyata keçirmək yolunda müstəsna xidmətlər göstərmişdir.
Demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolu ilə gedən Azərbaycan Respublikasının Konstitusiyasında söz və fikir azadlığı təsbit olunmuşdur və bu nailiyyətin qorunmasına, siyasi plüralizmə daim əməl edilir. Hal-hazırda ölkəmizdə çoxşaxəli mətbuat və informasiya sistemi yaradılmışdır. Yüzlərlə mətbuat orqanı, agentliklər, tele-radio şirkətləri cəmiyyətimizin etibarlı media şəbəkəsini təşkil edərək azad fəaliyyət göstərir. Ölkəmizdə müəyyən problemlərin olmasına baxmayaraq, XXI informasiya əsrində mətbuatın inkişafı məsələləri həmişə dövlətin diqqət mərkəzində olmuşdur. Mətbuatın maneəsiz fəaliyyəti, dünya təcrübəsindən bəhrələnməsi, xüsusilə kütləvi informasiya vasitələrinin maddi-texniki vəziyyətinin yaxşılaşdırılması, o cümlədən jurnalistlərin peşə səviyyəsinin yüksəldilməsi və hüquqlarının qorunması üçün bütün zəruri addımlar atılmış və tədbirlər həyata keçirilmişdir.
Jurnalistlik qeyri-adi, böyük zəhmət, xüsusi bilik tələb edən bir sənətdir. Azərbaycan dövləti jurnalistlərin əməyini daim yüksək qiymətləndirir, kütləvi informasiya vasitələrinin mövcud prblemlərini həll etmək üçün əlindən gələni edir və bundan sonra da edəcəkdir.
Siyasi plüralizmi və demokratiyanı dərinləşdirən, vətəndaşların informasiya ehtiyacını ödəyən, cəmiyyətin irəliləyişinə əngəl törədən halların aradan qaldırılmasında mühüm rol oynayan mətbuat həm də müstəqil dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilməlidir. Hər bir kütləvi informasiya vasitəsi milli dövlət quruculuğu prosesində, vətəndaş cəmiyyətinin qurulmasında, milli və bəşəri dəyərlərin bərqərar edilməsi və qorunmasında, ölkənin inkişafını təmin edən islahatların həyata keçirilməsində səmərəli surətdə iştirak etməli, həyatın güzgüsü kimi həqiqət carçısı olmalıdır. İnsanları yüksək ideallar, humanist vətəndaş və demokratik cəmiyyət uğrunda mübarizəyə səsləməli və səfərbər etməlidir.
Bu əlamətdar gündə əmin olmaq istədiyimi bildirirəm ki, zəngin və mütərəqqi mətbuat ənənələri ilə fərqlənən Azərbaycan jurnalistləri peşə şərəfini həmişə uca tutaraq, respublikamızda və onun ətrafında baş verən hadisələrin ictimaiyyətə çatdırılmasında, bütün dünyaya yayılmasında və geniş təhlil edilməsində obyektivlik, yüksək professionallıq, əsl vətəndaşlıq, dövlətçilik mövqeyi və prinsipiallıq nümayiş etdirəcəklər.
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 iyul 2002-ci il