AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ BANKI NƏZDİNDƏ AZƏRBAYCAN İPOTEKA FONDU HAQQINDA
ƏSASNAMƏ
“22” dekabr 2005-ci il tarixli
Fərmanı ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar1.1. Azərbaycan Respublikasının Milli Bankı (bundan sonra – Milli Bank) nəzdində Azərbaycan İpoteka Fondu (bundan sonra – AİF) “Azərbaycan Respublikasında ipoteka kreditləri sisteminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 16 sentyabr tarixli 299 nömrəli Fərmanına uyğun olaraq yaradılmışdır.
1.2. AİF-in əsas məqsədi Azərbaycan Respublikasında əhalinin yaşayış sahəsi ilə uzunmüddətli ipoteka kreditləşməsi vasitəsilə təmin edilməsi mexanizmlərini yaratmaq, ipoteka kreditləşməsinə yerli və xarici maliyyə resurslarının cəlb olunmasına köməklik göstərməkdən ibarətdir.
1.3. AİF öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını və digər normativ hüquqi aktlarını, habelə bu Əsasnaməni rəhbər tutur.
1.4. AİF dövlət təsisatıdır, hüquqi şəxsdir, dövlət mülkiyyətində olan ayrıca əmlakı vardır, müstəqil balansa, bank hesablarına, üzərində Azərbaycan Respublikası Dövlət gerbinin əksi və öz adı olan möhürə, müvafiq ştamp və blanklara malikdir.
1.5. AİF öz fəaliyyətini həyata keçirmək üçün Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanları, fiziki və hüquqi şəxslərlə, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada beynəlxalq kredit təşkilatları ilə əməkdaşlıq edir.
1.6. AİF öz öhdəlikləri üzrə yalnız öz sərəncamında olan əmlakı ilə məsuliyyət daşıyır. Tərəflərin öz üzərlərinə götürdükləri öhdəliklər istisna olmaqla, AİF dövlətin və Milli Bankın, dövlət və Milli Bank isə AİF-in öhdəlikləri üzrə məsuliyyət daşımır.
1.7. AİF əhaliyə birbaşa ipoteka kreditlərinin verilməsi ilə məşğul olmur.
1.8. AİF xərclərini öz gəlirləri hesabına maliyyələşdirir. AİF-in xərclərini öz gəlirləri hesabına maliyyələşdirmə imkanları yarananadək həmin xərclər Milli Bank tərəfindən maliyyələşdirilir.
1.9. AİF-in mərkəzi aparatı Bakı şəhərində yerləşir.
2. AİF-in əsas funksiyaları
2. AİF-in əsas funksiyaları aşağıdakılardır:
2.1. müvəkkil kredit təşkilatları tərəfindən verilmiş ipoteka kreditlərini yenidən maliyyələşdirir;
2.2. yenidən maliyyələşdirilən ipoteka kreditlərinə dair tələbləri müəyyən edir;
2.3. maliyyə vəsaitlərinin cəlb olunması məqsədi ilə ipoteka ilə təmin olunmuş qiymətli kağızlar emissiya edir;
2.4. öz fəaliyyətinin sabitliyini və likvidliyini təmin etmək üçün maliyyə risklərini idarə edir;
2.5. ipoteka kreditləşməsi sahəsində likvidliyin təmin olunması və AİF-nə ucuz maliyyə resurslarının cəlb olunması məqsədi ilə öz səlahiyyətləri daxilində tədbirlər görür.
3. AİF-in səlahiyyətləri
3. AİF öz məqsəd və funksiyalarını həyata keçirmək üçün aşağıdakı səlahiyyətlərə malikdir:
3.1. müvəkkil kredit təşkilatları tərəfindən AİF-in tələblərinə (standartlara) uyğun olaraq verilmiş ipoteka kreditləri üzrə tələb hüquqlarını almaq;
3.2. yenidən maliyyələşdirilən ipoteka kreditləri üzrə təminat qismində çıxış edən ipotekalar barədə qanunvericiliyə uyğun olaraq hüquq və vəzifələri həyata keçirmək;
3.3. öz əmlakı üzərində qanunvericiliyə uyğun olaraq sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirmək;
3.4. Azərbaycan Respublikasının ərazisində filial və nümayəndəliklərini aça bilmək;
3.5. kənar ekspertləri işinə cəlb etmək, əməkdaşlarının peşəkarlıq səviyyəsini artırmaq üçün müvafiq tədbirlər görmək;
3.6. ipoteka kreditləşməsi məsələləri üzrə məsləhət, informasiya və digər xidmətləri həyata keçirmək, habelə ipoteka krediti sistemində iştirak edən müvəkkil kredit təşkilatları üçün tədris proqramlarını həyata keçirmək;
3.7. qanunvericilikdə nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirmək.
4. AİF-in vəsaitlərinin formalaşması
4.1. AİF-in vəsaitləri aşağıdakı mənbələr hesabına formalaşır:
4.1.1. Azərbaycan Respublikasının dövlət büdcəsindən ayırmalar;
4.1.2. AİF fəaliyyətindən əldə olunan daxilolmalar, o cümlədən verilmiş kreditlər üzrə əsas borc və faiz ödənişləri;
4.1.3. AİF tərəfindən emissiya olunan qiymətli kağızların yerləşdirilməsindən əldə olunan vəsaitlər;
4.1.4. AİF-ə verilən xarici kreditlər, yardımlar, qrantlar və s.
4.1.5. qanunvericiliklə qadağan olunmayan digər mənbələr.
5. AİF-in vəsaitinin saxlanılması və istifadəsi
5.1. AİF-in milli valyutada pul vəsaiti Milli Bankda açılan bank hesablarında saxlanılır.
5.2. AİF-in vəsaitinin istifadəsi yalnız bu Əsasnamədə nəzərdə tutulmuş məqsəd, funksiya və səlahiyyətlərinin həyata keçirilməsi üçün istifadə olunur.
5.3. AİF-in sərbəst pul vəsaitləri yalnız aşağıdakı istiqamətlərdə yerləşdirilə bilər:
5.3.1. dövlət qiymətli kağızlarında;
5.3.2. yüksək reytinqli banklarda depozitlərdə.
5.4. AİF-in vəsaiti dövlət hakimiyyəti orqanlarına, dövlət və özəl müəssisələrə, idarə və təşkilatlara borc verilə, eləcə də hər hansı üçüncü şəxsin öhdəlikləri üzrə yüklənə bilməz.
6. AİF-in fəaliyyətinə nəzarət
6.1. AİF-in fəaliyyətinə ümumi nəzarəti Milli Bankın İdarə Heyəti həyata keçirir.
6.2. Milli Bankın İdarə Heyəti:
6.2.1. AİF-in təşkilati strukturunu və ştat cədvəlini təsdiq edir;
6.2.2. AİF-in İcraçı direktorunu, İcraçı direktorun müavinini və baş mühasibini vəzifəyə təyin edir və vəzifədən azad edir;
6.2.3. AİF-in cari fəaliyyətinə nəzarəti təşkil etmək məqsədi ilə Audit Komitəsini yaradır və üzvlərini təyin edir;
6.2.4. AİF-in illik büdcəsini təsdiq edir;
6.2.5. AİF-in fəaliyyəti ilə bağlı zəruri olan daxili qaydaları, prosedurları və sənədlərin nümunəvi formalarını təsdiq edir;
6.2.6. ipoteka kreditlərinin verilməsində iştirak edəcək kredit təşkilatlarının siyahısını müvafiq meyarlar əsasında müəyyən edir;
6.2.7. AİF-in İcraçı direktorunun təklifi əsasında qiymətli kağızların emissiya prospektinin parametrlərini təsdiq edir;
6.2.8. AİF-in maliyyə-təsərrüfat fəaliyyəti haqqında illik hesabatını təsdiq edir;
6.2.9. AİF-in filial və nümayəndəliklərinin açılması barədə qərarlar qəbul edir və onların əsasnamələrini təsdiq edir;
6.2.10. bu Əsasnamədə və qanunvericilikdə nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirir.
7. AİF-in idarə edilməsi
7.1. AİF-in cari fəaliyyətinə İcraçı direktor rəhbərlik edir.
7.2. AİF-in İcraçı direktoru:
7.2.1. AİF-in struktur bölmələrinin işini təşkil edir, onların əsasnamələrini təsdiq edir;
7.2.2. etibarnamə təqdim etmədən AİF-i üçüncü şəxslərlə münasibətdə təmsil edir;
7.2.3. AİF-in işçiləri arasında vəzifə bölgüsü aparır;
7.2.4. AİF-in işçilərini vəzifəyə təyin edir və vəzifədən azad edir, onlar barəsində qanunvericiliklə nəzərdə tutulmuş qaydada həvəsləndirmə və intizam tənbehi tədbirləri tətbiq edir;
7.2.5. səlahiyyəti daxilində AİF-in bütün işçiləri üçün məcburi əmr və sərəncamlar verir;
7.2.6. AİF-in büdcə layihəsini hazırlayır və Milli Bankın İdarə Heyətinə təqdim edir;
7.2.7. AİF-in fəaliyyətinə dair təkliflər hazırlayır və Milli Bankın İdarə Heyətinə təqdim edir;
7.2.8. AİF-in fəaliyyətində qanunvericiliyə uyğun olaraq məxfilik rejiminə riayət olunmasını təmin edir;
7.2.9. AİF-in fəaliyyəti barədə hesabatları hazırlayır və Milli Bankın İdarə Heyətinin müəyyən etdiyi müddətlərdə Milli Banka təqdim edir;
7.2.10. bu Əsasnamədə və AİF-in fəaliyyətini tənzimləyən normativ sənədlərdə nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirir.
8. Uçot və hesabat
8.1. AİF-in hesabat ili yanvar ayının 1-dən başlanır və dekabr ayının 31-də başa çatır.
8.2. AİF-in maliyyə uçotu və hesabatı Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq aparılır.
8.3. AİF-in illik maliyyə-təsərrüfat fəaliyyəti haqqında hesabat Milli Bankın İdarə Heyəti tərəfindən təyin olunan kənar auditor tərəfindən yoxlanılmalı və təsdiq olunmalıdır. Auditorun xidmətləri AİF-in hesabına ödənilir.
8.4. AİF-in İlin yekunları haqqında auditor rəyi ilə təsdiqlənmiş maliyyə hesabatı, habelə hesabat əməliyyat büdcəsi Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir.
8.5. AİF-in auditor rəyi ilə təsdiq edilmiş ilin yekunlarına dair maliyyə hesabatı audit başa çatdıqdan sonra ən geci 1 ay müddətində kütləvi informasiya vasitələrində dərc olunur.
9. AİF-in yenidən təşkili və ləğv edilməsi
9. AİF-in yenidən təşkili və ləğv edilməsi barədə qərar Azərbaycan Respublikasının Prezidenti tərəfindən qəbul edilir.